...

MSK sədri: "Hansısa partiya seçkidə iştirak etməyəcəyini bəyan edirsə, deməli özünün problemi var" (video)

Siyasət Materials 24 Avqust 2007 13:00 (UTC +04:00)
MSK sədri: "Hansısa partiya seçkidə iştirak etməyəcəyini bəyan edirsə, deməli özünün problemi var" (video)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Hər hansı partiya seçkidə iştirak etməyəcəyini bəyan edirsə, deməli həmin partiyanın özünün hansısa problemi var. Bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov cümə günü bildirib.

Bir sıra müxalifət partiyaları seçki mühitinin dəyişdirilməyəcəyi təqdirdə gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərini boykot edəcəklərini bildirirlər.

Buna münasibətini açıqlayan Pənahov bildirib ki, siyasi partiyalar məhz hakimiyyətə iddia etmək üçün yaranır. Hakimiyyətə gəlməyin yolu da seçkilərdir: "Siyasi partiyalar hakimiyyətə gəlmək üçün bu yoldan istifadə etməlidir. Azərbaycanda partiyaların iştirakı üçün tam şərait yaradılıb" - deyə MSK sədri qeyd edib.

Pənahov əlavə edib ki, seçkilər milyonlarla insanın iştirakı ilə keçən proses olduğundan orada ideal vəziyyət axtarmaq düzgün deyil. Çünki bu və ya digər formada pozuntular dünyanın hər bir ölkəsində baş verir.

MSK sədri diqqətə çatdırıb ki, Azərbaycanda növbəti prezident seçkisi gələn il oktyabrın 15-də keçirilməlidir.

Azərbaycan Seçki Məcəlləsinə əsasən, prezident seçkiləri hər beş ildən bir oktyabr ayının 3-cü çərşənbə günü keçirilməlidir. Bu da təqvimlə oktyabrın 15-nə təsədüf edir.

Pənahov əlavə edib ki, səsvermə gününə 120 gün qalmış seçkiyə start veriləcək.

Xəbər lenti

Xəbər lenti