...

"Azərbalıq" Dövlət Konserninin sabiq sədri növbəti dəfə prezidentliyə iddia edəcək

Siyasət Materials 27 Avqust 2007 17:49 (UTC +04:00)
"Azərbalıq" Dövlət Konserninin sabiq sədri növbəti dəfə prezidentliyə iddia edəcək

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərində növbəti dəfə prezidentliyə iddia edəcək. Bu barədə bazar ertəsi Trend ə Hafiz Hacıyev özü məlumat verib.

2003-cü ildə keçirilmiş prezident seçkilərində Hacıyev namizəd olub və qazanılan seçici səslərinə görə səkkiz namizəd arasında sonuncu yeri tutub. Etibarlı sayılan 2421061 səsin 8267-si (0,341 %) onun lehinə olub.

Hacıyev bildirib ki, Müasir Müsavat Partiyası növbəti dəfə 2008-ci ildə də onun prezidentliyə namizəd olmasına qərar verib: "Ötən seçkinin nəticələrinə görə mən ruhdan düşməmişəm. Çünki sonda öz seçicilərimi İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırdım, onun qələbəsində bizim partiyanın da rolu oldu. Bu dəfə əgər seçkilərin ikinci turu olarsa, mən İlham Əliyevin xeyrinə öz namizədliyimi geri götürəcəm. Əgər olmasa, sona qədər prezidentlik uğrunda mübarizə aparacam"-deyə Hacıyev açıqlama verib.

O, 2003-cü ildə olduğu kimi, gələnilki seçkidə də müxalifətin heç bir namizədinə dəstək verməyəcəyini deyib, müxalifət partiyalarının apardığı siyasətin iflasa uğradığını iddia edib. Onun sözlərinə görə, bir neçə aparıcı müxalifət partiyalarının funksionerləri və bölgələrdəki üzvləri Müasir Müsavat Partiyasına keçirlər: "Özünü aparıcı, ana müxalifət hesab edən partiyaların çox tanınmış funksionerlərinin yaxın günlərdə Müasir Müsavat Partiyasına keçəcəyinin şahidi olacaqsınız. Artıq həmin şəxslərlə razılıq əldə etmişik" - deyə Hacıyev əlavə məlumat verib.

Hacıyev 1992-93-cü illərdə "Azərbalıq" Dövlət Konserninin prezidenti olub. Əvvəl Azərbaycan Xalq Cəbhəsində sonra Müsavat partiyasında təmsil olunub. 2000-ci ildə Müasir Müsavat Partiyasını təsis edib. Müasir Müsavat Partiyası 2002-ci ildə dövlət qeydiyyatından keçib.

Partiya özünü iqtidara qarşı konstruktiv müxalifət hesab edir.

Xəbər lenti

Xəbər lenti