...

Qubada aşkarlanan insan məzarlıqlarının muzeyə çevrilməsi təklif olunur

Siyasət Materials 28 Avqust 2007 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Dünya Azərbaycanlıları Konqresi (DAK) sədrinin birinci müavini, Azərbaycanın millət vəkili Sabir Rüstəmxanlı Qubada aşkarlanan kütləvi məzarlığın muzeyə çevrilməsini təklif edir. Bu təklifi Rüstəmxanlı DAK rəhbərliyinin çərşənbə axşamı Bakıda keçirdiyi mətbuat konfransında səsləndirib.

Bu ilin aprelində Azərbaycanın Quba şəhərində stadion tikilməsi üçün aparılan qazıntılar zamanı kütləvi insan məzarlıqları aşkarlanıb. Ekspertiza qrupunun rəyinə əsasən, bu fakt 1918-ci ildə erməni daşnaklarının Azərbaycanda törətdiyi soyqırımın tərkib hissəsidir.

Rüstəmxanlı bildirib ki, DAK rəhbərliyi türkiyəli araşdırmaçı Türhan Çöməz ilə birgə Qubadakı həmin əraziyə səfər ediblər. Onun sözlərinə görə, 1918-ci ildə rus bolşeviklərinin silahlandırdığı erməni quldurları təkcə Qubada 2 mindən çox insanı qətlə yetiriblər. Soyqırımın izlərini itirmək üçün çalalar qazıb insanları diri-diri ora doldurublar: "Qubada aşkarlanan məzarlıqda iki metr hündürlüyündə üst-üstə insan sümükləri qalaqlanıb. Ətraf ərzilərə doğru qazıntı aparıldıqca hər yerdə, hətta insanların həyətlərində də yerin altından sümüklər çıxır. Sümüklərdə işgəncə əlamətləri var" - deyə DAK funksioneri məlumat verib.

O, Azərbaycanın dövlət məmurlarının bu fakta diqqət yetirməməsindən, həmin əraziyə getməməsindən şikayətlənib.

DAK sədri Qulamrza Təbrizi isə dünyadakı yəhudi diasporunu Qubada minlərlə yəhudinin ermənilər tərəfindən qətlə yetirilməsi faktına diqqət yetirməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti