...

Söyün Sadıqov: "Bakıda yeni tikilən binaların 90 %-i sökülməlidir"

Siyasət Materials 31 Avqust 2007 21:13 (UTC +04:00)
Söyün Sadıqov: "Bakıda yeni tikilən binaların 90 %-i sökülməlidir"

Rusiya, Moskva / Trend , müxbir R.Ağayev/ Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Söyün Sadıqovun Bakıda yeni tikilinin uçması ilə əlaqdəar Trend ə müsahibəsi.

Söyün Sadıqov 1981-ci ildən Moskvanın "Qlavmosremont" tikinti şirkətində çalışıb. 1986-cı ildən "Mosrekonstruksiya" şirkətinin direktor müavini vəzifəsində işləyib, 2000-ci ilə qədər isə həmin trestin rəhbəri olub. Hazırda Söyün Sadıqov Rusiya və digər ölkələrin xarici tikinti şirkətlərinin məsləhətçisidir. 1994-cü ildə fəxri memar adına layiq görülüb.

- Bakıda tikilməkdə olan 16 mərtəbəli binanın uçması nəticəsində faciə baş verib. Sizcə hadisənin səbəbi nədir?

- İlk növbədə Sizin informasiya agentliyinizin vasitəsilə vəfat edənlərin ailələrinə, bütün Azərbaycan xalqına və şəxsən ölkənin prezidenti İlham Əliyevə dərin hüznlə başsağlığı verirəm. Bakıda tikinti "bum"u başlanan kimi aparılan tikinti işlərini, bu işlə məşğul olan mütəxəssisləri görəndə başa düşdüm ki, belə bir tikintinin gələcəyi yoxdur. Bu, sanki böyük bir qəbiristanlıq salınmasına bənzəyir. Mən hələ 5 il bundan əvvəl tikilən binaları nəzərdən keçirərkən məsələn, heyvanat parkının yanında tikilən böyük bir korpusun, şəhərin mərkəzində tikilən çoxsaylı monolit binaların çox aşağı keyfiyyətli armaturdan istifadə olunduğun gördüm. Bakıda istifadə olunan armatur Bakının seysmik şəraitinə qəti cavab vermir. Bakı seysmik zona hesab olunur. Rixter cədvəlinə uyğun olaraq xüsusi dərəcə sistemi mövcuddur, 3 baldan 7 bala qədər, 7 baldan 9 bala qədər və 9 baldan 12,5 bala qədər. Bundan başqa mən betona, sementin keyfiyyətinə fikir verdim. Sement müxtəlif möhkəmlik dərəcəsinə malik olur. Bunlar müvafiq indekslərdir - 100, 150, 200, 300, 400, 500. Bakıda isə əsasən möhkəmlik dərəcəsi 200 olan sementdən istifadə olunur. Bu isə düzgün deyil və belə zəif dərəcə monolit tikililərə uyğun gəlmir. Bakının mərkəzi küçələrindən birində, Nizami küçəsində aparılan tikinti zamanı mən şahidi oldum ki, armatur ustaları armaturları bir-birinə düzgün bağlamırlar və armatur karkasları düzgün etmirlər. Halbuki monolit tikililərdə əsas rolu armaturlar və armatur karkaslar, sonra isə beton oynayır. Mən hələ o vaxt tikintinin rəisinə yaxınlaşdım, düzgün quraşdırılmayan armatur karkaslarının hansı standartlara uyğun gəldiyini soruşdum, lakin heç kim mənə dəqiq bir cavab vermədi. Mən sonradan öyrəndim ki, tikintidə çalışan insanlar əsasən rayonlardan gəliblər və ümumiyyətlə inşaat işlərindən tamamilə uzaq adamlardırlar.

Bu yaxınlarda baş verən faciəyə gəldikdə isə, mən xəbərləri diqqətlə izlədim və uçmuş binanın şəklini gördüm. Gördüm ki, bu bina sanki kibritdən quraşdırılmış konstruksiya kimi dağılıb. Lakin normal halda monolit binalarda belə hadisə sadəcə baş verə bilməz. Kərpic, panel evlər bu şəkildə dağıla bilər, monolit evlər isə yox. Monolit tikili onunla fərqlənir ki, zərbənin, dağıntının necəliyindən, gücündən asılı olmayaraq, armatur karkas binanın bir hissəsini saxlayır. Monolit binanın hətta partladıldığı halda belə, bir küncü, yaxud hər hansı bir hissəsi dağıla bilər. Qalan hissəsi isə zədə alsa da dağıla bilməz. Bundan başqa mən armatur konstruksiyanın əyilməsinə mat qaldım və fikir verdim ki, beton toz kimi səpələnib. Bunun birinci səbəbi odur ki, beton keyfiyyətsizdir. Bununla yanaşı, betonlama qaydalarına əməl olunmayıb. Betonun bərkiməsi üçün mütləq 7 gün lazımdır və bu müddət ərzində betonun üst örtüyünü yükləmək olmaz.

Həmçinin bina yerləşən ərazinin iqlim xüsusiyyətlərini nəzərə almaq lazımdır. Bakıda hava istidir. Görünür ki, betona su səpməyiblər. Betona lazımi qədər su səpilmədiyi halda onun tökülməsindən sonra bu cür isti havada buxarlanma başlayır və su yox olur. Buxarlanmadan sonra beton öz möhkəmliyini itirir. Bu səbəbdən də isti ölkələrdə tikinti zamanı betonun tam möhkəmlənməsi üçün ona su səpirlər.

Mən hazırda Dubayda tikinti aparan Rusiya şirkətlərindən birinin məsləhətçisiyəm, oradada da betona su səpmək üçün yeddi gün tələb olunur. Bəzən sement tozu səpilir ki, su orada olan sementi yuyub aparmasın və yeni sementin hesabına möhkəmlik bərpa olunur. Deməli, Bakıda tikilən binada armatur konstruksiyaların quraşdırılması qaydasının pozulması ilə yanaşı, həm də betonlama texnologiyası kobud şəkildə pozulub. Bu da betonun toz kimi səpələnməsinə gətirib çıxarıb. Bundan başqa görünür ki, orada hələ titrəmə də olmayıb. Betonu mütləq titrətmək lazımdır ki, sement tozunun bərabər paylanması təmin olunsun və boşluqlar dolsun. Beton toz kimi səpələnməməlidir, əksinə daş, kristal kimi olmalıdır.

- Ümumilikdə siz Azərbaycanda tikinti prosesinin canlanmasını necə qiymətləndirirsiniz?

- Mən Bakıda tez-tez oluram və orada baş verən dəyişiklikləri izləyirəm. Belə kütləvi və keyfiyyətsiz tikintiyə gəldikdə isə mən dəfələrlə demişəm və yenə də təkidlə deyirəm ki, Bakıda böyük "qardaşlıq qəbiristanlığı" tikilir. Bakı şəhəri baş plansız, ekspertizasız tikilir. Pul, gəlir dalınca qaçaraq insanların həmin evlərdə necə yaşayacağını, onların aqibətini fikirləşmirlər. Kommunikasiya məsələsini nəzərə almadan necə hündurmərtəbəli binalar tikmək olar?! Şəhərin mərkəzində çoxlu binalar inşa olunur, amma yeni kommunikasiya sistemi yoxdur. Yeni kanalizasiya, nov, su xətlərinin çəkilməsi ilə heç kim məşğul olmur. Əgər əvvəllər həmin yerdə sovet dövründə tikilmiş beşmərtəbə bina var idisə və orada yüz ailə yaşayırdısa, indi yerində yeni 22 mərtəbəli bina tikilir. Lakin kommunikasiya sistemi əvvəlki kimi saxlanılır. Bu isə absurddur. Yəni başa düşmək çətindirmi ki, yeni çoxmərtəbəli bina daha çox sakin deməkdir. Bu binalara artıq böyük diametrli yeni borular, novlar lazımdır. Kommunikasiyanın rekonstruksiyasını aparmadan bina tikmək olmaz. Bakıda təəssüf ki, bu edilmir, tikinti qaydalarına əməl olunmur. Bütün kommunikasiyaların dəyişməsi də nəzərə alınmaqla şəhər icra hakimiyyətinin başçısı səviyyəsində paytaxtın baş planı hazırlanmalıdır. Yalnız bundan sonra bu və ya digər tikilinin inşasına başlanmalıdır.

Prezident İlham Əliyevə ünvanlandığım məktubda bu kimi problemli məsələlərin həllinə kömək məqsədilə mən tamamilə təmənnasız olaraq Azərbaycan inşaatçılarına, tikinti mütəxəssislərinə tövsiyələr verməyi təklif etmişəm.

Təəssüf ki, Azərbaycanda tikintinin keyfiyyətinə nəzarəti həyata keçirən struktur hələ yaradılmayıb. Bakı 9 ballıq zəlzələnin baş verə biləcəyi bir seysmik zona hesab olunur. Bundan başqa Bakının kosmosdan müşahidəsinin nəticələri göstərir ki, şəhər sürüşmə baxımından da təhlükəlidir. Bakının, Maxaçqalanın və ümumilikdə Xəzər dənizinin sahilyanı ərazisi sürüşmə zonası hesab olunur. Buna görə də Bakıda maksimum 12-16 mərtəbəli binalar tikmək olar. Bundan əlavə, Bakının seysmik şəraiti ilə əlaqədar, Yaponiyada olduğu kimi yalnız üzən özülə malik olan monolit bindalar tikilməlidir.

Bir sözlə, mən hesab edirəm ki, Bakıda tikinti prosesində kütləvi şəkildə qayda pozuntularına yol verilir və bu işdə şəhərin icra başçısı, həmçinin baş planın hazırlanmasına, tikintiyə məsul olan orqanlar günahkardırlar və birbaşa məsuliyyət daşıyırlar.

Belə çıxır ki, kim pul qazanmaq istəyirsə birdən-birə inşaatçıya çevrilir, bina inşa edir. Əgər tikintiyə dair təhsili, savadı olmayan beş nəfər yığışıb tikinti şirkəti təsis etmək istəyirsə, bu insanlara ümumiyyətlə nəsə tikmək üçün nə icazə, nə də imkan vermək lazımdır.

Bakı digər şəhərlərdən, Moskavadan, Sankt-Peterburqdan fərqlənir, məsələn Rusiyanın mərkəzi hissəsinin seysmik təhlükəsi cəmi 2 bal gücündə qiymətləndirilir. Amma Bakıda hər gün 9 bal gücündə zəlzələnin baş vermə ehtimalı var. Əgər dəqiq ekspertiza aparılsa və tikilən binalarla bağlı laborator rəy verilsə, binaların 90%-i sökülməli olacaq. Bakının hər yerində Ukrayna armaturundan istifadə olunur ki, bu da yeddi mərtəbədən hündür binanın tikintisi üçün nəzərdə tutulmayıb. Yaxıd da Sumqayıtda istehsal olunan armaturdan istifadə edilir ki, bu da tullantılardan hazırlanır və keyfiyyəti çox aşağıdır. Bakıda təmiz türk və Pakistan texnologiyaları üstünlük təşkil edir. Amma məhz elə bu ölkələrdə heç də güclü olmayan zəlzələlər baş verdikdə keyfiyyətsiz tikinti üzündən dağıntılar və təlafat çox olur.

Belə hallarda yenə də saxta inşaatçılar toplayan tikinti şirkətləri və onların rəhbərləri günahkardırlar.

Hazırda pul dalınca qaçanlar əsas məsələ - insan həyatı barədə düşünmürlər. Sovet dövründə Azərbaycanda yüksək ixtisaslı inşaatçılar, öz işinin peşəkarları, mütəxəssisləri var idi. Niyə indi onlar bu işə cəlb edilməsin? Nəyə görə onlar haqqında danışılmır və bu peşəkarlar gözə dəymir? 90-cı illərin əvvəlində Rusiyada olduğu kimi, indi Azərbaycanda da hər hansı bir çoban özünü inşaatçı və ya montajçı hesab edir. O vaxt Rusiyaya MDB ölkələrindən insanlar gələrək bildirirdilər ki, hər şeyi bacarırlar, lakin sonradan məlum olurdu ki, onlar ömürlərində ilk dəfə olaraq tikintidə işləyirlər.

Azərbaycanda da belədir. Misal gətirim, şəxsən elə bir insan tanıyıram ki, əvvəllər Moskvada ticarətlə məşğul olub, indi isə tikinti ilə məşğuldur. Rayonlardan təcrübəsiz uşaqları toplayıb, tikinti şirkəti yaradıb, kimə lazımdır rüşvətini verib və tikinti işləri həyata keçirir. Hətta Bakının mərkəzində bir neçə bina inşa edib.

Azərbaycanda tikinti şirkətlərinin, məmurların, bu işi maliyyələşdirən sərmayədarların tamahkarlığı və acgözlüyü belə faciələrin baş verməsinə gətirib çıxarır. Mən hesab edirəm ki, belə tikintilər dərhal dayandırılmalı və bakılılar üçün qəbiristanlıq tikilməsinə icazə verilməməlidir. Az və keyfiyyətli tikmək daha yaxşı olardı.

Bakıda həmçinin məni binaların bir-birinə çox yaxın tikilməsi təəccübləndirir. Binaları yan-yana tikirlər ki, bu da gün işığının qarşısını alırlar. Belə olmaz. Avropanın, Rusiyanın şəhərlərinə baxıb nümunə götürmək lazımdır. Binaların bu qədər yaxın tikilməsi yolverilməzdir. Allah eləməsin, bir hadisə baş versə, bu binalar bir-birinin üstünə aşacaq və artıq kimsəni xilas etmək mümkün olmayacaq. Dəhşətlisi isə odur ki, heç kəs bu özbaşınalığa görə məsuliyyət daşımır və heç kəs buna son qoymur.

- Sizcə Bakıda daşınmaz əmlakın qiymətinin artması nə ilə bağlıdır?

- Azərbaycanda bu sahədə güclü inhisar mövcuddur. Azərbaycanda bu sahədə rəqabət, xarici tikinti şirkətlərinin bura sərbəst çıxışı yoxdur. Tikinti sahəsi ilə məhdud çevrə, məsələn hansısa yüksək vəzifəli məmurun qardaşı məşğul olur və digərlərinə artıq orada yer yoxdur. Daha bir böyük problem rüşvətin baş qaldırmasıdır. Öz yüksək qiymətləri ilə Moskvanın belə müqayisə oluna bilməyəcəyi Londonda mənzilin bir kvadrat metri üç min funtdur. Amma orada mənzil üçün belə bir məbləği ödəməyə dəyər, çünki Londonda mənzili mebellə, bütün təchizati ilə birlikdə təhvil verirlər. Bu vəziyyəti Azərbaycanla müqayisə etməyə dəyməz. Elementar təhlükəsizlik qaydalarının pozulduğu mənzillərə Ən yüksək qiymətlər qoyulur.

Bakıda qiymətlərin birinci artımı Amerikanın ölkələrini bombalayacağından ehtiyat edən iranlıların Bakıya axışması və mənzil alması ilə əlaqədar yaranıb. Ümumilikdə Azərbaycanda dəqiq ekspertiza, tikinti laboratoriyası, tikintinin keyfiyyətinə nəzarət edən struktura malik tikinti sxem işləyib hazırlamaq lazımdır. Bu işlə tikintiyə nəzarəti həyata keçirmək üçün deyil, yalnız fövqəladə halları aradan qaldırmaq üçün yaradılmış Fövqəlad Hallar Nazirliyi məşğul olmamalıdır. Dünyanın heç bir yerində belə bir təcrübə yoxdur.

Paytaxt baş plana malik olmalı və göstərilən şərtlərə mütləq əməl olunmalıdır ki, şəhər eybəcər hala salınmasın. Hazırda biz Bakınınmərkəzi hissəsinin memarlıq görünüşünün italyan, fransız və digər memarlıq üslubları ilə pozulduğunun şahidi oluruq.

Xəbər lenti

Xəbər lenti