...

Penitensiar Xidmət: Barəsində şərti məhkum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və həbslə əlaqədar cəza olan şəxslər Azərbaycandan kənara çıxa bilməzlər

Cəmiyyət Materials 12 Sentyabr 2007 14:27 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Sabiq millət vəkili Hüseyn Abdullayevə, müalicə olunmaq üçün Azərbaycandan çıxmağa icazə verilmir.

Azərbaycan İşgəncələr Əieyhinə Komitənin sədri Elçin Behbudov bunu Abdullayevə təzyiq, mənəvi və psixoloji işgəncə kimi qiymətləndirir.

Abdullayev onurga sütunundakı yırtıqdan əziyyət çəkir. O, müalicə olunmaq üçün Almaniyaya getmək istəsə də, Bakının Səbayel rayon məhkəməsinin məhkəmə icraçıları şöbəsi sabiq millət vəkilinin ölkədən çıxmasına icazə vermir.

Abdullayevin vəkili Cavanşir Süleymanov məhkəmə icraçılarını Səbayel rayon məhkəməsinə verib.

Vəkil Trend ə bildirib ki, məhkəmə Abdullayevi cəzadan azad edib. Vəkilin sözlərinə görə, Abdullayev məhkəmə icraçılarını xəbərdar edərək, müalicə üçün xarici ölkəyə gedə bilər.

Penitensiar Xidmətin Baş İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Trend ə bildirib ki, barəsində şərti məhkum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və həbslə əlaqədar cəza olan şəxslər Azərbaycandan kənara çıxa bilməzlər. Sadıqovun sözlərinə görə, şərti məhkum olunan şəxs, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil, iş yerini dəyişə bilməz, müəyyən yerlərə gedə bilməz: "Şərti məhkumluğu olan şəxs Azərbaycandan kənara çıxarsa, onun üzərində nəzarəti həyata kçirmək qeyri-mümükündür".

Cəzaların İcrası Məcəlləsinin 182-ci maddəsində qeyd olunur ki, 30 gündən artıq müddətdə olduğu yer müəyyən olunmayan məhkum, ona həvalə edilmiş vəzifələri yerinə yetirməkdən qərəzli boyun qaçırmış hesab edilir. Şərti məhkum olunmuş şəxs sınaq müddətində, məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifəni mütəmadi və ya qərəzli yerinə yetirməkdən boyun qaçırdıqda, məhkəmə icraçılarının təqdimatı əsasında, məhkəmə şərti məhkum etmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunması haqqında qərar çıxara bilər.

Millət vəkili Fəzail Ağamalıya qarşı xuliqanlıqda ittiham olunan millət vəkili Hüseyn Abdullayev mayın 18-də Bakının Səbayel rayon məhkəməsinin hökmü ilə 2 il şərti iş alaraq, məhkəmə zalından azad edilib.

Abdullayev barəsində Respublika Prokurorluğunda Cinayət Məcəlləsinin 132-ci (döymə) və 221.2.2-ci (xuliqanlıq)maddələri ilə cinayət işi açılsa da, istintaqın yekununda 132-ci maddə ilə işə xitam veriıb. Millət vəkilinə Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq) və 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddələri ilə ittiham elan olunub.

Milli Məclisdə martın 16-da millət vəkili Fəzail Ağamalı ilə Abdullayev arasında yaranmış insidentin əlbəyaxa dava ilə nəticələnib. Abdullayevin deputat toxunulmazlığı baş prokurorun təqdimatı ilə Milli Məclisin martın 19-da keçirilmiş fövqəladə iclasında ləğv olunub və həmin gün məhkəmənin qərarı ilə həbs edilib.

Xəbər lenti

Xəbər lenti