Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Məhkəmə sabiq səhiyyə nazirinin saxlanıldığı kameradakı şəraitlə bağlı Penitensiar Xidmətdən məlumat istəyib. Bu gün Nəsimi rayon məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyi ilə Əli İnsanovun ədliyyə naziri Fikrət Məmmədova və Penitensiar Xidmətə qarşı iddiası üzrə keçirilən prosesdə bu barədə qərar qəbul edilib.
İnsanovun vəkili Ağaveyis Şahverdi Trend ə bildirib ki, məhkəmə 1 saylı İstintaq Təcridxanasının rəhbərliyinə bununla bağlı sorğu göndərəcək. Həmçinin təcridxana rəhbərliyindən sabiq nazirə verilən gündəlik mətbuatla bağlı arayış da tələb olunub.
Bu səbəbdən də proses sentyabrın 14-nə təxirə salınıb.
İnsanov məhkəmədə ədliyyə naziri Məmmədovun yaxın qohumu Cəmil Əliyevin ünvanına kəskin ifşaedici çıxış etdiyinə görə ədliyyə naziri və Penitensiar Xidmətin rəhbərliyi tərəfindən işgəncələrə məruz qaldığını iddia edir. Sabiq nazir Bayıldakı 1 saylı İstintaq Təcridxanasında qırx gündən artıq saxlanıldığını, dəfələrlə müraciətlərinə baxmayaraq, onun stasionar müalicə olunması üçün şərait yaradılmadığını bildirir. İnsanov əvvəllər ölüm cəzasına məhkum edilmiş şəxslərin kamerasında saxlanmasından, indi isə yarımzirzəmi kameraya salınmasından şikayətlənir. Sabiq nazirin kamerasının havasının rütubətli, üfunətli və insan həyatı üçün təhlükəli olduğu bildirilir.
Dövlət çevrilişinə cəhd, kütləvi iğtişaşlara hazırlığa görə 2005-ci ilin oktyabrında həbs olunmuş sabiq səhiyyə naziri bu il məhkəmənin hökmü ilə korrupsiya cinayətlərində təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrum edilib.
Sabiq nazir hazırda Penitensiar Xidmətin Bayıldakı 1 saylı İstintaq Təcridxanasında saxlanılır. O, səhhətindəki problemlərlə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsini istəyir. İnsanovun onurğa sütununda "yırtıq" olduğu həkim rəyi ilə təsdiqlənib.
Sabah Bakı Apellyasiya Məhkəməsində hakim Qayıl Məmmədovun sədrliyi ilə İnsanov və digərlərinin apellyasiya şikayəti üzrə proses davam etdiriləcək.