...

Ali Məhkəmənin ömürlük azadlıqdan məhrum edilmiş məhkumun müraciətinə göndərdiyi cavab məhkumların narazılığına səbəb olub

Cəmiyyət Materials 15 Sentyabr 2007 12:43 (UTC +04:00)

Azərbaysan, Bakı / Trend , müxbir K. Zərbalıyeva/ Ali Məhkəmənin ömürlük azadlıqdan məhrum edilmiş məhkumun müraciətinə göndərdiyi cavab məhkumların narazılığına səbəb olub. Bu barədə şənbə günü Trend ə ömürlük həbs cəzası çəkən məhkumların qohumları məlumat verib.

Azərbaycanda ölüm cəzasının ləğvindən sonra ömürlük azadlıqdan məhrum edilmiş məhkum Natiq Mirzəyev Ali Məhkəməyə müraciət edərək cəzasının azaldılmasını xahiş edib. Ali Məhkəmə isə ona ölüm cəzası ömürlüklə əvəzlənmiş məhkumlara verilən cavabı verib. "Məhkumlar müraciətlərinə Ali Məhkəmənin eyni məzmunlu cavab verməsindən şikayətlənirlər. Ali Məhkəmə bəzi məhkumların müraciətlərinə 15, bəzilərinə isə 3 günə cavab verir. Bu isə bir daha sübut edir ki, Ali Məhkəmə məhkumların şikayətini araşdırmadan şablon cavablar verir. Hətta ölümə məhkum olunmamış məhkuma da eyni cavabı verir" - deyə məhkumun qohumları bildirib.

Ali Məhkəmə məhkumların ölüm cəzasının ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməsinin qanuni, əsaslı və humanist olduğunu bildirir.

Məhkumların valideynləri bildirib ki, aclıq edən məhkum Rauf Eyvazov Penitensiar Xidmətin onun aclığı dayandırması ilə bağlı verdiyi yanlış məlumata etiraz olaraq ağzını tikib.

Məhkumların qohumlarının sözlərinə görə, Avropa Şurasının İnsan haqları üzrə Komissarı Tomas Hammerberq Qobustan həbsxanasında 1 korpusa və iki kameraya baş çəkib və orada şəraitin dözülməz olduğunu, məhkumların üfunətli kameralarda 50 dərəcə istidə saxlanıldığının şahidi olub: "Hammerberq həbsxanadan gedəndən sonra rəis Əlizadə Hüseynov kameraların işığını və suyunu kəsib və bu vəziyyət indi də davam edir".

Məhkumlar psixi xəstə məhkumlarla sağlam məhkumların bir kamerada saxlanılmasına da etiraz edirlər: "Xəstə məhkumlar Mübariz Niyazov və Maqsud Hüseynov sağlam məhkumlarla bir kameraya salınıb. Bu isə məhkumların həyatı üçün hər an təhlükə yaradır".

Məhkumların qohumlarının verdiyi məlumata görə, Qobustan həbsxanasında ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş 15 məhkum aclıq edir.

Tələblərini qanuni hesab edən məhkumlar Avropa Şurasının Parlament Assambleyasının 1545 saylı qətnaməsinin 8.8 və 8.9-cu bəndlərinin Azərbaycan hökuməti tərəfindən icrasını tələb edirlər.

Penitensiar Xidmətin Baş İdarəsindən Trend ə bildirilib ki, həbsxanada 4 məhkum aksiyanı davam etdirir. Onların həkim nəzarətində olduğu, səhhətləri ilə bağlı problem yaranmadığı və Penitensiar Xidmətin psixoloqları tərəfindən həmin məhkumların psixoloji durumlarının nəzarətdə saxlanıldığı bildirilib.

Qobustan həbsxanasında ölüm cəzası ömürlüklə əvəzlənmiş 84 məhkum cəza çəkir. Ölüm cəzasının ləğvindən sonra belə məhkumların sayı 128 nəfər olub.

Məhkumlar hesab edir ki, Azərbaycanda ölüm cəzasının ləğvindən sonra cəzaları ömürlüklə deyil, o zaman Cinayət Məcəlləsində ən ağır cəza olan 15 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməlidir.

İnsan Haqları üzrə Avropa Məhkəməsinin Əlikram Hümbətovun şikayəti ilə bağlı qərarında qeyd olunub ki, ölümə məhkum olunmuşların cəzalarının ömürlüklə əvəzlənməsi Avropa Konvensiyasının müddəalarına uyğundur. Avropa Məhkəməsi burada bir neçə məqama diqqət yetirib. Qeyd olunub ki, ömürlük azadlıqdan məhrumetmə cəzası bütün hallarda ölüm cəzasından yüngüldür. Bu, ağır cəza kimi qəbul edilə bilməz.

Xəbər lenti

Xəbər lenti