...

Sabiq millət vəkilinin müalicə üçün Almaniyaya getməsinə icazə verilmir

Cəmiyyət Materials 19 Sentyabr 2007 16:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Zərbalıyeva/ Sabiq millət vəkilinin müalicə üçün Almaniyaya getməsinə icazə verilmir.

Bu barədə çərşənbə günü Trend ə məlumat verən Hüseyn Abdullayevin vəkili Cavanşir Süleymanov bildirib ki, Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov heç bir səbəb göstərmədən sabiq millət vəkilinin müalicə üçün Almaniyaya getməsinə icazə verməyib. "Əlixanov Daxili İşlər Nazirliyinə istinad edərək məhkəmənin qərarının icrasının qeyri-mümükün olduğunu deyib"- deyə vəkil bildirib.

Sentyabrın 17-də Bakının Səbail rayon məhkəməsi Abdullayevin müalicə üçün təxirə salınmadan Almaniyaya getməsinə icazə verilməsi barədə qərar qəbul edib.

Vəkilin sözlərinə görə, Adullayevin onurğa sütununda yırtıq var. Onun bu xəstəliyinin Azərbaycanda müalicəsi mümkün olmadığından o, Almaniyada müalicə olunmaq istəyir. Abdullayev barəsində şərti məhkum etmə cəzası olduğundan Səbail rayon məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsi ona ölkədən çıxmağa icazə vermirdi.

Millət vəkili Fəzail Ağamalıya qarşı xuliqanlıqda ittiham olunan millət vəkili Abdullayev mayın 18-də Bakının Səbail rayon məhkəməsinin hökmü ilə 2 il şərti iş alaraq məhkəmə zalından azad edilib.

Abdullayev barəsində Respublika Prokurorluğunda Cinayət Məcəlləsinin 132-ci (döymə) və 221.2.2-ci (xuliqanlıq) maddələri ilə cinayət işi açılsa da, istintaqın yekununda 132-ci maddə ilə işə xitam verilib. Millət vəkilinə Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq) və 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddələri ilə ittiham elan olunub.

Milli Məclisdə martın 16-da millət vəkili Ağamalı ilə Abdullayev arasında yaranmış insident əlbəyaxa dava ilə nəticələnib. Abdullayevin deputat toxunulmazlığı baş prokurorun təqdimatı ilə Milli Məclisin martın 19-da keçirilmiş fövqəladə iclasında ləğv olunub və o, həmin gün məhkəmənin qərarı ilə həbs edilib.

Xəbər lenti

Xəbər lenti