...

Azərbaycanda nigaha girənlərin məcburi qaydada tibbi müayinədən keçməsi tətbiq oluna bilər

Cəmiyyət Materials 20 Sentyabr 2007 13:46 (UTC +04:00)
Azərbaycanda nigaha girənlərin məcburi qaydada tibbi müayinədən keçməsi tətbiq oluna bilər

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanın Ailə Məcəlləsinə dəyişilik edilərək gənclərin nigah bağlanma yaşının qadınlarda 17, kişilərdə isə 18-ə qaldırılması və nigaha girənlərin tibbi müayinədən keçməsi təklif olunur. Bu barədə cümə axşamı Prezident yanında Dövlət İdarəçilik Akademiyasında təşkil olunan Ailə Məcəlləsinə əlavə və dəyişikliklər layihəsinin müzakirələrində məlumat verilib.

Ailə Məcəlləsi 1999-cu ildə Milli Məclisdə qəbul olunub, 2000-ci il iyunun 1-dən qüvvəyə minib.

Artıq beş ildir ki, Milli Məclisin üç komissiyası tərəfindən (sosial-siyasət, insan hüquqları, hüquq siyasəti və dövdət quruculuğu komissiyaları) məcəllənin monitorinqi aparılır. Monitorinqin nəticəsi kimi hazırlanan təkliflər layihəsinə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı, UNİCEF-in Azərbaycan nümayəndəliyi dəstək verir.

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, əvvəlki məcəllədə nigaha girmək üçün qadınların yaş həddi 16, kişilərdə isə 17-dir. Gənclərin məktəbdən yayınması, ailə həyatına hazır olmaması faktları nəzərə alınaraq, layihədə yaş həddinin qadınlarda 17, kişilərdə 18-ə artırılması təklif olunur. Həmçinin gələcək ailənin, nəslin sağlamlığını düşünərək, nigahdan əvvəl gənclərin məcburi qaydada tibbi müayinədən keçməsi, icra hakimiyyətlərinə tibbi arayış təqdim etməsi təklif olunur.

Həmçinin yeni təklifə görə, uşaq övladlığa götürən şəxslərin həmin uşaqdan imtina etməsi üçün yalnız bir il vaxt verilir. Bir ildən sonra artıq vətəndaşlar övladlığından imtina edə bilməzlər.

Ailə Məcəlləsinə əlavə və dəyişikliklər layihəsi Milli Məclisin builki payız sessiyasında müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti