...

Azərbaycan Yaşıllar Partiyası: "Son bir ildə Sumqayıtda yüzlərlə hektar yaşıllıq sahəsi məhv edilib"

Cəmiyyət Materials 2 Noyabr 2007 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Yaşıllar Partiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyini fəaliyyətsizlikdə günahlandıraraq Sumqayıt şəhərində təhlükəli sənaye tullantılarının insanların sağlamlığına ziyan vurduğunu bildirir. Bu barədə Yaşıllar Partiyasının cümə günü yaydığı bəyanatında məlumat verilir.

Nyu-York şəhərində yerləşən "Blacksmith institute" təşkilatı qlobal çirklənməyə dair "30 çirkli yer" adlı hesabatında Azərbaycanın Sumqayıt şəhərini 7 ölkənin "10 ən çirkli şəhəri" siyahısına salıb. Bununla bağlı Azərbaycan Yaşıllar Partiyası Sumqayıt şəhəri və ətraf ərazilərdə ekoloji vəziyyətin monitorinqini aparıb.

Monitorinqin nəticələrinə görə, Sumqayıtda və ətraf ərazilərdə gərgin ekoloji durum müşahidə edilib, şəhər əhalisi gecələr zəhərli qazlardan boğulma hallarının olmasını təsdiqləyib. Sumqayıt sakinləri bildiriblər ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və "qaynar xətt"ə ünvanlanan şikayətlərinə cavab verilmir.

Monitorinqin nəticələrinə görə, Sumqayıt-Xırdalan və Abşeron ərazisində yaşıllıq sahələri kütləvi surətdə məhv edilir. Partiyanın iddiasına görə, yaşıllıqların qırılması 4 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsinin maraqlı tərəflərlə "qarşılıqlı razılaşmaları" nəticəsində baş verir.

"Sumqayıt və ətraf ərazilərdə son bir ildə yüzlərlə hektar yaşıllıq sahəsi məhv edilib" - deyə monitorinqin hesabatında bildirilir.

Əlavə edilir ki, Sumqayıt-Abşeron ərazisində istehsalat sahələrində əmələ gələn zəhərli, toksiki tullantılar qanunsuz olaraq Sumqayıt səhərinin məişət tullantıları poliqonuna daşınır və orada yandırılır. "Alüminium zavodundan çıxan 3000 tondan artıq tullantılar Sumqayıt şəhərinin məişət tullantıları poliqonuna haqqı ödənilməklə daşıtdırılır. Alüminium və "Azkompozit" zavodunun fəaliyyəti zamanı əmələ gələn tullantılar ətraf mühitə atılır. Nazirlik tərəfindən bunun normal hal kimi qarşılanması sayəsində "Azərboru" ASC-nin 2,6 milyon ton 4-cü sinif təhlükəli tullantısının açıq satışı təşkil edilib. Belə təhlükəli tullantıların 1,6 milyon tonu şəhər, kənd və qəsəbə ərazilərinə daşınaraq yayılıb" - deyə monitorinqin rəyində bildirilir.

Partiya həmçinin iddia edir ki, Sumqayıt və ətraf ərazilərdə dəniz sahili qumun, torpağın daşınması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının əməkdaşlarının birbaşa himayədarlığı və rəhbərliyi ilə bas verir.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ötən həftə jurnalistlərə açıqlamasında bildirmişdi ki, Sumqayıt Alüminium və "Azkompozit" zavodları cərimələnib, çirklənmənin qarşısını almaq üçün tədbirlər görmələrinə dair onlara məcburi göstərişlər verilib. Nazirin sözlərinə görə, əgər göstərişlər yerinə yetirilməsəazirlik məhkəmə qarşısında həmin zavodların bağlanması məsələsini qaldıracaq.

Xəbər lenti

Xəbər lenti