...

"Azadlıq" qəzeti həbsdə olan baş redaktorunun azadlığa buraxılması üçün zamin duracaq

Cəmiyyət Materials 16 Noyabr 2007 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Zərbalıyeva/ "Azadlıq" qəzeti həbsdə olan baş redaktorunun azadlığa buraxılması üçün zamin duracaq.

Bu barədə Trend ə cümə günü baş redaktor Qənimət Zahidin vəkili Elçin Sadıqlı məlumat verib. Vəkil bildirib ki, bununla bağlı, şənbə günü Yasamal rayon məhkəməsinə müraciət olunacaq.

Baş redaktor Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq cinayətlərində şübhəli bilinərək, noyabrın 11-də Bakının Yasamal rayon məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs olunub.

Sadıqlı qeyd edib ki, baş redaktorun həbsdən azad olunması üçün girov qoyulması ilə bağlı da bu gün məhkəməyə ərizə verilib. Vəkil bildirib ki, məhkəmə girovun məbləğini müəyyən edəcək. Vəkilin sözlərinə görə, girov qoyulacaq məbləği məhkəmə müəyyənləşdirməlidir və bu məbləğ 11 min manatdan az olmamalıdır.

Sadıqlı həbslə bağlı məhkəmənin qərarından verilmiş apellyasiya şikayətinin Yasamal rayon məhkəməsi tərəfindən indiyədək Bakı Apellyasiya Məhkəməsinə göndərilmədiyini deyib. "Qanunla, şikayət üç gün müddətində məhkəməyə göndərilməlidir. Bizə bildirildi ki, şikayət bu gün məhkəməyə göndəriləcək və şikayətə, gələn həftənin ilk günləri baxılacaq", -deyə Sadıqlı vurğulayıb.

Noyabrın 7-də baş redaktor Vüsal Hüseynov adlı şəxs tərəfindən hücuma məruz qalmış, bununla bağlı tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına şikayət etmişdi. Lakin baş redaktor qarşı tərəfin şikayəti əsasında həbsə atılıb. 

Qarşı tərəf də həbs olunub.

Əgər ittihamlar sübut olunarsa, baş relaktoru 3 ilə qədər həbs gözləyir.

İnsan hüquqlarının müdafiəsini həyata keçirən beynəlxalq təşkilatlar Zahidin həbsini pisləyən bəyanatla çıxış edib və bunu Azərbaycanda söz azadlığına təzyiq kimi qiymətləndiriblər.

Zahid həbsini ona qarşı hazırlanmış təxribat hesab edir.

Azərbaycanda peşə fəaliyyəti ilə bağlı 8 jurnalist cəzalandırılıb. Onların əksəriyyəti təhqir və böhtan cinayətlərinə görə məhkum olunublar.

Zahidin qardaşı, "Azadlıq" qəzetinin əməkdaşı, satirik şair Mirzə Sakit isə, ötən il satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama cinayətində təqsirli bilinərək, 3 il müddətinə məhkum olunub.

Xəbər lenti

Xəbər lenti