Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbaliyeva/Azərbaycanın Avropa Məhkəməsinə təklif olunmuş hakimliyə namizədlərinin adları məlum olub. Ali Məhkəmənin sədri Ramiz Rzayev çümə axşamı jurnalistlərə açıqlamasında bildirib ki, Məhkəmə-Hüquq Şurası (MHŞ) Avropa Məhkəməsinə hakim vəzifəsinə bu instansiyada respublikamızı hazırda təmsil edən Xanlar Hacıyevin, Əzizbəyov rayon məhkəməsinin hakimi Rəşad Həsənovun və Nəsimi rayon məhkəməsinin hakimi Aygün Abdullayevanın namizədliyini təklif edib.Rzayev bildirib ki, hakimliyə təklif olunan namizədlər İnsan hüquqları sahəsində, xüsusən "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiya və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ üzrə təcrübəyə malik olmalı, bu sahədə bilikləri olmalı, Avropa Şurasının rəsmi dillərindən - Fransız və ya İngilis dillərindən birini sərbəst bilməlidir. "Məhkəmə-Hüquq Şurası namizədləri müəyyənləşdirərkən bu kriteriyalara üstünlük verilib" - deyə Rzayev vurğulayıb.
Avropa Məhkəməsi hakimi vəzifəsinə namizədlərə aid Avropa Şurası Parlament Assambleyasının müvafiq tövsiyələrinə uyğun olaraq müxtəlif qeyri-hökumət təşkilatları tərəfindən və fərdi qaydada 17 nəfərin namizədliyi irəli sürülüb.
AŞPA-ya ilk təqdim olunmuş namizədlər siyahısında Azərbaycanın İnsan Haqları üzrə Avropa Məhkəməsindəki hakimi Xanlar Hacıyev, Ali Məhkəmənin hakimi Zakir Quliyev və Prezidentin İcra Aparatının əməkdaşı Səadət Novruzovanın adları olub.
Avropa Şurasının Parlament Assambleyası payız sessiyasında Azərbaycan hökumətinin Avropa Məhkəməsinə təqdim etdiyi hakim namizədlərin siyahısını qəbul etməyib. Siyahının geri qaytarılmasına səbəb namizədlərin AŞPA-nın meyarlarına uyğun gəlməməsi olub. AŞPA Azərbaycan hökumətinə yeni namizədlərin təqdim olunmasını tövsiyə edib.