Azərbaycan, Bakı, 25 yanvar / Trend , müxbir E.Hüseynli/ Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) "Avropa-Plyus Bakı" radiostansiyasında əcnəbi dillərdə verilişlərin yayımı ilə bağlı məsələni müzakirəyə çıxaracaq. MTRŞ-dan cümə günü Trend ə bildiriblər ki, ayın sonuna kimi problemin aradan qaldırılması üçün "Avropa-Plyus Bakı" radiostansiyasının rəhbərliyi ilə görüş keçiriləcək.
MTRŞ-nın qərarı ilə yanvarın 1-dən Azərbaycanda telekanal və radiolarda əcnəbi dillərdə filmlərin, o cümlədən xəbərlərin yayımına qadağa qoyulub. "Avropa-Plyus Bakı"da isə veriliş və xəbərlər rus dilində yayımlanır.
MTRŞ-dan bildiriblər ki, radioda musiqilər əcnəbi dilində yayımlana bilər, ancaq xəbər və verilişlər ana dilində yayımlanmalıdır. Radiostansiyanın fəaliyyəti üçün yerli radio kimi lisenziya verilib.
Teleradio Şurası "Avropa-Plyus Bakı" radiostansiyasına 2006-cı ilin dekabrında 6 illiyə yayım lisenziyası verib.
"Avropa-Plyus Bakı"nın ofisindən məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.