Azərbaycan, Bakı, 28 yanvar / Trend , müxbir K.Zərbalıyeva/ Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Baş İdarəsindən bazar ertəsi Trend ə bildirilib ki, Mirzə Sakit yanvarın 26-dan Müalicə Müəssisəsinə köçürülməsi tələbi ilə aclıq aksiyasına başlayıb.
Sakit Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama (234.1-ci) maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya və Ali Məhkəmə də onun şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Sakit 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.
İdarədən bildirilib ki, Sakitin tələbinə baxılacaq və zərurət olarsa, o, Müalicə Müəssisəsinə köçürüləcək.
Sakit ötən il iyulun 19-da səhhətində yaranan problemlə əlaqədar Müalicə Müəssisəsinə köçürülmüşdü. Xəstəxanaya nevrosteniya dioqnozu ilə qəbul edilib.
O, müalicə olunmasına şərait yaradılması tələbi ilə saxlandığı 14 saylı cəzaçəkmə müəssisəsində iyulun 8-dən 15-nə kimi aclıq aksiyası keçirib.