...

Müğənni Səidə Sultan "Kristal" qrupunun rəhbəri Mədinə xanımın cavabını verdi

Cəmiyyət Materials 4 Fevral 2008 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 fevral /müx. TrendLife Türkan İmaməliyeva/

Şou-biznesdə yeni bir qalmaqalın bünövrəsi qoyuldu. "Kristal" qrupunun rəhbəri Mədinə xanımla Səidə Sultan arasında yaranan soyuqluğun səbəbi isə "məktəb" məsələsi idi. Məsələ burasındadır ki, bu günlərdə telelayihələrin birində Mədinə xanım "Kristal" qrupunu yaratmaqla şou-biznesdə məktəb yaratdığını iddia edib. Eyni məclisdə olan Səidə Sultan da bu fikirlə qətiyyən razılaşmayıb. Bildirib ki, Mədinə xanımın bu gün "mənim məktəbim var" ifadəsini işlətməyə haqqı yoxdur. Səidə Sultan TrendLife-ın əməkdaşı ilə söhbətində "Mədinə xanım ən yaxşı halda qrup rəhbəri olar. O insanlar "mənim məktəbim var" deyə bilərlər ki, onlar Azərbaycan musiqisinə kifayət qədər tövhə vermiş olsunlar, gənc sənətkarlar yetişdirsinlər. Vaqif Gərayzadə heç vaxt deməyib ki, mənim məktəbim var. Ancaq bu gün hamı məktəb barədə danışanda deyir ki, "Gərayzadənin məktəbi". Bir də Ki, Vaqif müəllim təvazökarlıq etsə də, heç kimə sirr deyil ki, bu gün Azərbaycan şou-biznesində ən populyar müğənnilərin böyük əksəriyyəti onun yetirmələridir. Əməkdar artistlər Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, "Şeron" qrupu və digərlərinin həqiqi mənada sənətində Vaqif Gərayzadə dəsti-xətti görünür. Ancaq Mədinə xanım bir neçə ildir ki, şou-biznesdədir və sadəcə qrup rəhbəridir, qrup yaradıb. Qrup yaratmaq hələ məktəb demək deyil. Nə "Kristal", nə də Mədinə xanımın özü məktəb sayıla bilməz. Bu fikrimdən incisələr də, mən yalandan tərifi bacarmıram. Bu gün mənimlə yanaşı, Vaqif müəllimin yanında yetişən digər gənc, populyar müğənnilərimiz də daxil olmaqla bircə ifamız yetərli olur ki, tamaşaçı Vaqif Gərayzadə dəsti-xəttini hiss etsin. Əsl məktəb budur" - söylədi.

Məlumdur ki, Səidə Sultan bir müddət öncə prodüser kimi Toliklə çalışıb. Ancaq bu əməkdaşlıq qısa zaman çərçivəsini əhatə etdi. Səidə Sultanla Tolikin yolları ayrıldı. Bunun səbəbini də müğənnidən soruşduq. Səidə sualımıza cavab olaraq bunları söylədi: "Mən Tolikə bu gün də dost kimi hörmət edirəm. Ancaq əməkdaşlığımız alınmadı. Görünür, müəyyən iş prinsipi baxımından biri-birimizi başa düşmədik. Odur ki, bu gün də prodüserə ehtiyac duymuram. Hesab edirəm ki, öz işlərimi özümdən yaxşı kimsə edə bilməz. Bir də ki, yaradıcılıqda maraqlı layihələr ortaya qoymaq üçün pulun varsa, prodüserə ehtiyac yoxdur".

Xəbər lenti

Xəbər lenti