...

İşsiz oturduğum 8 ay mənə bir ömür qədər göründü - xalq artisti Sabir Ələsgərov

Cəmiyyət Materials 4 Aprel 2008 12:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 aprel /müx. "TrendLife" Safura/

O vaxtlar hamı bir kanala baxırdı - AzTV-yə . Hamı da bu kanalın aparıcı və diktorlarını tanıyırdı. Nəinki üzdən, hətta səs ilə birini digərindən fərqləndirirdilər. Gözəl səslər, gözəl diksiyalar. Gözəl görünüş də vacib idi. Bu dəfə həmsöhbətimiz Sabir Ələsgərovdur. Uzun illər dövlət telekanalında diktor kimi çalışan Sabir müəllim televiziyaya necə gəlib çıxmasındın, başına gələn maraqlı hadisələrdən, ailəsindən, işindən danışdı. Sabir Ələsgərov Gürcüstanda dünyaya göz açıb. 6 aylığından anadan yetim qalan körpəni Qazaxda yaşayan nənəsi böyüdüb, boya-başa çatdırıb. 1949-cu ildə Sabirin atasını Vətəndən sürgün edirlər. 6 il sürgündə olan atası 1955-ci ildə yenidən Tiflisə qayıdır. Yeni ailə qurur. Balaca Sabir isə elə nənəsinin yanında qalır. 10 illik məktəbi bitirəndən sonra Bakıya gəlir. Mirzə Fətəli Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutuna sənəd verir və qəbul olur. Həyat yoldaşı Kifahət xanımı da elə orada görüb sevir. O özündən aşağı kursda təhsil alan qıza 1965-ci ildə evlənmək təklifi edir. Ailə qurana qədər artıq 1962-i ildə Dövlət radiosunda diktor kimi çalışır. 10 il radioda işləyəndən sonra Sabir Ələsgərovu televiziyaya diktor keçirirlər.

-Sabir müəllim, uzun illər radio diktoru kimi çalışmısınız. Necə oldu ki, televiziya diktoru keçdiniz. Bunun üçün niyə 10 il lazım gəldi?

- Mən dövlət radiosunda 3 ilə yaxın ştatdankənar müxbir işlədim. Daha sonra məni radioya diktor keçirdilər. O zamanlar indiki kimi deyildi. Pillə-pillə qalxırdın. Birdən-birə səni heç kim gətirib televiziyaya diktor qoymazdı. AzTv-də ilk diktor Nəcibə Məlikova olub. O həm rus dilində gözəl danışırdı, həm gözəl diksiyası var idi, həm də gözəl xanım idi. O vaxtlar televiziyaya artıq hazır kadr olan aktyor və aktrisaları daha çox cəlb edirdilər. Sonra yavaş-yavaş diktorlar yetişməyə başladı. Mən də onlardan biri idim. 1972-ci ildə o zaman AzTV-nin sədri Qurban Yusifzadənin əmri ilə məni televiziyaya diktor vəzifəsinə təyin etdilər. Çox sevinirdim. Uçmağa qanadım yox idi. Arzularım bir-bir həyata keçirdi. Sevdiyim iş, ailəm, iki övladım var idi. Bir oğlum, bir də qızım dünyaya gəlmişdi. Elə bil körpəlikdə yetim qalıb, keçirdiyim nisgilli günlərin əvəzini Tanrı mənə gəncliyimdə qaytarırdı. Ata olanda sevincimin həddi-hüdudu yox idi. İlqar və Mehriban. Hər ikisinin adını özüm qoymuşam.

- Niyə bu adları seçdiniz? Kimlərin adlarını övladlarınıza verdiniz?

- "Telefonçu qız" filmində Mehriban adlı bir obraz var idi. O filmi görəndən sonra düşündüm ki, qızım olarsa adını Mehriban qoyacağam. İlqar da o zamanlar təzə ad idi. Bilmirəm haradansa, kimdənsə o adı eşitmişdim. Eşidən kimi də mənim bir dəftərçəm var idi, o dəqiqə adı ora yazmışdım ki, yadımdan çıxmasın. Elə ki, oğlum dünyaya göz açdı, atama Tiflisə teleqram vurdum ki, ata, nəvən olub. Atam da cavabında mənə teleqram vuraraq, Elxanın dünyaya gəlişi ilə məni təbrik etdi. Mən oğlumun adını Elxan qoymaq istəmirdim. Elə ona görə də atama növbəti teleqramı vuraraq, həyat yoldaşımın dayısı oğlunun adının Elxan olduğunu bildirdim. Yəni, ay ata, bu adı oğluma qoya bilmərəm. Özüm də tez yollandım oğluma İlqar adlı doğum şəhadətnaməsi almağa. Mən deyən oldu.

Daha sonra qızım dünyaya gəldi. Onun da adını Mehriban qoyanda hamı mənimlə razılaşdı. Elə indi də çox mehriban qızdır. Oğlum artıq ailəlidir. Qismət olsa, baba da olacam. Bunu çox arzulayıram.

Arzularımın çoxu həyata keçsə də, onlar tükənmir.

- Maraqlıdır, həyata keçən arzularınızdan hansı yadınızda daha çox qalıb?

- Eh, o qədər arzum həyata keçib ki, hansını deyim. Mən gənc olanda təzə-təzə diktor işləyəndə diktorların Moskvaya ixtisas artırma kursuna göndərildiyi haqqında eşitmişdim. Mən də arzu edirdim ki, Moskvaya gedim. O istəyim həyata keçdi. Məni də Moskvaya diktor kursuna göndərdilər. Mən Yuri Barisoviç Levetanın kursunu bitirdim.

2 ay ərzində keçdiyim kurs mənim üçün əsl məktəb oldu. İllər sonra Yuri Levetan Bakıya bayram nümayişinə qonaq gəlmişdi. Mən də bu tədbirdə aparıcı idim. Mən danışmaq üçün müəllimimə söz verdim. Bakı haqqında təəssüratlarını soruşdum. Mənim üçün çox şərəfli idi. O da məni tanıdı. Elə bilirdim ki, dünyanı mənə bağışlayıblar. Bax bu yadımda daha yaxşı qalıb.

- Birdən-birə uzun illərin diktoru ekrandan uzaqlaşdı. Sabir müəllim, öz istəyiniz ilə televiziyadan getdiniz, yoxsa başqa səbəb var idi?

- Rəhbərlik dəyişdi. Mən artıq yaşlaşmışdım. Təqaüd yaşına çatanda bizi yavaş-yavaş uzaqlaşdırdılar. Düz səkkiz ay evdə oturdum. Ürəyim partlayırdı. İşsiz qala bilmirdim. Həyat yoldaşımı bir ilə yaxındır ki, itirmişəm. Yenə o olanda mənə həyan olurdu. Amma onsuz, işsiz çox çətin idi. Günlərin bir günü məni Vahid Mustafayev işə dəvət etdi. İnanın ona o qədər minnətdaram. Mən işləməyə adət edən bir insanam. Söhbət puldan getmir. Şükür hər şeyə imkanım çatır. Söhbət insanların əhatəsində olmaqdan gedir. Televiziya elə bir sirrli aləmdir ki, ora düşən ayrıla bilmir. Mən ANS-də təlim və tədris üzrə aparıcı mütəxəssis vəzifəsinə təyin edilən gündən bu kollektivi çox sevdim. Elə bil uzun illərdir burada çalışmışam.

- Yenə kollektivdə, insanların əhatəsində, iş başındasınız. Jurnalistlərin, diktorların səviyyəsi sizi qane edirmi?

- İndi çox şey dəyişib. İnsanlar da, onların işə münasibəti də. Mən ANS-ə gələndə burdakı uşaqların əksəriyyətinin qüsuru var idi. Ləhcə ilə danışanlar, sözlərdə vurğunu düzgün vurmayanlar. Hamısı ilə məşğul oluram. Bugünkü gündə inanın, ANS televiziyasındakı aparıcıların qüsurlarını aradan qaldırmışıq, başqa kanallara baxanda bura şükürlüdür.

- Aparıcılar, müxbirlər kanalları tez-tez dəyişir. Sizin fikrinizcə, bunun səbəbi nədir?

- Bilirsiz, əvvəllər bir kanal var idi. Bu kanalda işləmək hər kəsin hünəri deyildi. İndi Maşallah, özəl telekanalların sayı artıb. Bu səbəbdən müxbirlərə, aparıcılara ehtiyac da artıb. Say çoxalsa da, keyfiyyətə təsir etmir. Yaxşı aparıcıları başqa telekanallar işə dəvət edir. Bir qədər yüksək maaş və ya daha yaxşı iş şəraiti təklifi alan istənilən ağıllı adam bu təklifi qəbul edər. Hamı yaxşı, rahat, maaşı çox olan iş axtarır. Mən buna pis baxmıram. Fikrimcə, normal haldır. Bu günün tələbi belədir.

- Sizin fikrinizcə, Azərbaycanda televiziya məktəbinin yaranmasına ehtiyac varmı?

- Azərbaycanda telekanallar çox, şöhrət ardıyca qaçanlar isə ondan da çoxdur. Hamı tanınmaq, populyar olmaq istəyir. Televiziya bunun üçün ən yaxşı vasitədir. Əlbəttə, bir məktəb olsaydı, həm görünüşü, həm diksiyası, həm səsi gözəl olan savadlı aparıcı və diktorlar, müxbirlər yetişərdi. Bu telekanallara da sərf edərdi. Bir də görürsən kim isə ləhcə ilə hansısa xəbəri deyir. Səsi, görünüşü adamı cəlb etmək əvəzinə ekrandan uzaqlaşdırır.

- Televiziyalarda cavanlaşma siyasəti gedir. Sizə belə gəlmirmi?

- Bəli düz qeyd etdiniz. Yaşlı adamın dilindən hansı xəbəri eşitsən ona inanırsan. Ən azı o insanın dediklərinin yalan olmadığına əmin olursan. Lakin həmişə deyirlər ki, yolu cavanlara vermək lazımdır. Biz də gənc olmuşuq. Bizə də yol veriblər, yol göstəriblər. Cavan olanda da gərək öyrənəsən. Savadlı, inandırıcı savan olasan ki, səni qəbul etsinlər. Tam şəkildə. Səsinin ahəngi, fikrinin dolğunluğu, cümlələrinin düzgünlüyü, siman özünə cəlb etsin. Onda hər bir telekanalın sənin kimi mütəxəssisə ehtiyacı olacaq. Hətta yaşlansan belə.

Sabir Ələsgərovla danışdıqca doymurdum. Elə maraqlı, gözəl danışırdı, elə bil nağıllar aləmində idim. Bir də gördüm artıq hava qaralır. "Televiziya gözəl məkandır, ondan danışdıqca doymursan" deyən Sabir müəllim ilə sağollaşdım. Özümü dərsdən çıxan tələbə kimi hiss etdim. Nə zamansa məndən hansı arzumun həyata keçdiyini soruşsalar, mən deyərəm: Sabir Ələsgərovla müsahibə etmək arzum.

Xəbər lenti

Xəbər lenti