Azərbaycan, Bakı, 01 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasının iştirakçısı olan Lənkəranın "Xəzər-Lənkəran" klubu Azərbaycan Futbol Federasiyaları Asossiasiyasının (AFFA) təqvimdə tez-tez dəyişiklik etməsindən narazıdır. "Ölkə kubokunun final oyununun mayın 28-dən 24-nə keçirilməsi bizim üçün gözlənilməz oldu. Bu, yığma komandanın iyun ayındakı oyunlarına görədir. Amma AFFA-nın çempionatın və ölkə kubokunun təqvimində tez-tez dəyişiklik etməsini dəstəkləmirik",- cümə axşamı Trend a "Xəzər-Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov deyib.
"Xəzər-Lənkəran" Azərbaycan Premyer-Liqasının və ölkə kubokunun son qalibidir. Ağasəlim Mircavadovun baş məşqçisi olduğu komanda bu ilin yanvar ayında Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən "Birlik Kuboku"nda çempionluğu qazanıb.
Nadirovun bildirdiyinə görə, Lənkəran klubunun bu il avrokubok yarışlarına qatılmaq şansı çox yüksəkdir. "Ötən il Çempionlar Liqasında mübarizəni birinci mərhələdə dayandırsaq da, komandamız baxımlı oyunu ilə seçildi. Bu dəfə daha uğurlu çıxış etməyə çalışacağıq. Yəqin mövsüm başa çatandan sonra komandamıza yüksək səviyyəli futbolçular transfer edəcəyik" - deyə vitse-prezident bildirib.
"Xəzər-Lənkəran" keçən il Çempionlar Liqasının ilk mərhələsində Xorvatiya "Dinamo"su ilə oyunlardan sonra mübarizəni dayandırmışdı. Mayın 24-də ölkə kubokunun finalında "İnter"lə oynayacaq komandanın Avropaya vəsiqə qazanmaq şansı yüksək qiymətləndirilir.
Lənkəran klubu hazırda 46 xalla Premyer-Liqada "Olimpik", "Neftçi" və "İnter"dən sonra 4-cü pillədə yer alır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]