Azərbaycan, Bakı, 2 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın akademik qayıqlarda avarçəkmə üzrə yığma komandası beynəlxalq səviyyəli turnirdə iştirak edəcək. Bu barədə Trend a cümə günü Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) mətbuat xidməti məlumat verib.
18 yaşlı avarçəkənlərdən ibarət yığma komanda "Kiyev reqatası"nda mübarizə aparacaq. Mayın 24-də Ukraynanın Kiyev şəhərində start götürəcək yarışda iştirak etmək üçün yığma komandanın 7 üzvü səfərə çıxacaq. Cavid Əfəndiyev bir nəfərlik, Timur Kutseba - Aleksandr Qlotov və Kamran Yusubov - Fərman Əliyev duetləri isə iki nəfərlik sükansız qayıqlarda qüvvəsini sınayacaq. Aleksandr Jdanov - Əbdülrəşid Mustafin dueti sükanlı qayıqda mübarizə aparacaq.
Avarçəkənlərdən ibarət yığma komanda bu il aprelinin 18-dən 24-dək Rusiyanın Rostov şəhərində keçirilən "Don reqatası"nda iştirak edib. Bu turnirdə komandanın ən böyük uğuru 4-cü pilləni tutması olub.
"Kiyev reqata"sı 2 gün davam edəcək. Yığma komanda Ukraynaya mayın 23-də baş məşqçi Samir Məmmədovun və məşqçi Aleksandr Barabanovun rəhbərliyi altında yollanacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]