Azərbaycan, Bakı, 13 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın çimərlik futbolu üzrə yığma komandasının dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq şansı minimuma enib. Bu barədə çərşənbə axşamı Trend a Azərbaycan Çimərlik Futbolu Federasiyasının (AÇFF) mətbuat xidməti məlumat verib.
Azərbaycan yığma komandası seçmə mərhələdə keçirdiyi oyunda Yunanıstan millisinə 1:5 hesabı ilə uduzub. Yığma komanda əvvəl keçirdiyi oyunlarda İtaliya komandasına 2:4 hesabı ilə uduzaraq, Norveç millisini 3:2 hesabı ilə məğlub etmişdi.
Çimərlik futbolu üzrə yığma komandanın final mərhələsinə vəsiqə qazanıb-qazanmayacağı bu gün keçiriləcək İtaliya-Norveç oyununun nəticəsindən asılı olacaq.
Azərbaycanın çimərlik futbolçuları dünya çempionatının Avropa zonasının C qrupunda mübarizə aparır. Qruplarda ilk iki pilləni tutan komanda növbəti mərhələyə yüksəlir. Yarımfinala vəsiqə qazanan dörd komanda iyulda Fransanın Marsel şəhərində təşkil olunacaq dünya çempionatında iştirak edəcək.
Çimərlik futbolu üzrə Azərbaycan yığmasının baş məşqçisi Braziliyadan olan Qustavo Enrike Silvadır.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]