Azərbaycan, Bakı, 16 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın Bibiheybət neft mədəninin yerində idman parkı salınacaq. "Bibiheybət neft mədəni böyük idman parkına çevriləcək. Bu planın texniki cəhətdən həyata keçirilməsi artıq həll olunmaq üzrədir. Neft mədəninin idman parkına çevrilməsi Azərbaycana böyük uğur qazandıracaq", cümə günü, 2016-cı ildə keçiriləcək Olimpiadaya Bakının hazırlığı ilə bağlı təşkil olunmuş tədbirdə Almaniyadan olan ekspertlər bildiriblər.
Tədbirdə iştirak edən Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib ki, 2016-cı ilə qədər 24 olimpiya kompleksinin inşa olunub təhvil verilməsi nəzərdə tutulub.
Olimpiadaya hazırlıq üzrə almaniyalı ekspert Paul Bader bu layihənin həyata keçirilməsi üçün böyük məbləğdə maliyyə vəsaitinin lazım olacağını bildirib. Onun dediyinə görə, Qərbi Avropada belə oxşar layihələrin həyata keçirilməsi üçün hər hektarın təmizlənməsi üçün 1,5 milyona yaxın avro xərclənir.
Jurnalistlərin suallarına cavab verən ekspertlər bildiriblər ki, Bakı hələlik kənardan idman şəhəri təsiri bağışlamır.
2016-cı ildə keçiriləcək Olimpiadaya ev sahibliyi etmək istəyən yeddi ölkə var. Namizədlər arasında Çikaqo şəhərinin şansı daha yüksək qiymətləndirilir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]