Azərbaycan, Bakı, 29 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Bakı" futbol klubunu çempion etmiş məşqçi Böyükağa Hacıyev "Turan" klubunda işləmək təklifini qəbul etməyəcəyini bildirib. "Mən həmişə iddialı klublarda işləmişəm. Hələ ki, "Turan" klubunda baş məşqçi vəzifəsində işləmək təklifi almamışam. Belə təklif olsa da qəbul etmərəm. Çünki "Turan" klubunun maliyyə vəziyyəti yaxşı deyil. Bu klubun keçmiş sponsoru olan "Taimex" şirkəti yenidən maliyyə köməyi etsə, ora gedərəm",- Hacıyev cümə axşamı Trend -a bildirib.
Hacıyev "Bakı" klubundan ötən ilin payızında ayrılıb. O, əvvəllər İranda məşqçi kimi fəaliyyət göstərib. Keçmiş baş məşqçi "Bakı"dan uzaqlaşandan sonra heç bir klubda işləməyib.
"Turan" klubu futbol üzrə Premyer-Liqada 12-ci yeri tutub. Hazırda komandanın baş məşqçisi Türkiyədən olan Səlahəddin Dərvənddir.
Azərbaycan çempionu olmuş məşqçi "Neftçi" klubunda vitse-prezident vəzifəsində çalışacağı barədə deyilənləri də təkzib edib. "Bu günədək heç bir klubdan işlə bağlı real təklif almamışam. Ancaq iddialı və maliyyə vəziyyəti qənaətbəxş olan klublarda işləyəcəyəm" - deyə Hacıyev əlavə edib.
Hacıyev futbol karyerası dövründə baş məşqçi işləməklə yanaşı, müxtəlif vəzifələrdə də fəaliyyət göstərib. O, "Bakı" klubunu Azərbaycan çempionu etməmişdən əvvəl klubda məsləhətçi vəzifəsini daşıyıb.