...

Azərbaycanda ötən ay 4 KİV məhkəməyə cəlb olunub

Cəmiyyət Materials 9 İyun 2008 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı,09 iyun/ Trend , müxbir E.Babayev/ Ötən ay Azərbaycanda 4 KİV-lə ("Azadlıq" qəzeti, Xural" qəzeti, "Azadlıq" radiosu, "Müxalifət" qəzeti ) bağlı məhkəmə prosesi keçirilib. "Jurnalistlərlə bağlı Avropa İnsan Haqları Məhkəməsində iki, Azərbaycan Respublikasının Ali Məhkəməsində bir, Bakı Apellyasiya Məhkəməsində iki, Yasamal Rayon Məhkəməsində bir, Nəsimi Rayon Məhkəməsində bir işə baxılıb",- deyə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin may ayında ölkədə söz və mətbuat azadlığına dair açıqladığı monitorinqin nəticələrində bildirilir.

Ötən ay beş jurnalist məhkəmədə iddiaçı qismində çıxış edib. İddialardan dördü barələrində çıxarılan hökmdən şikayət xarakteri daşıyıb. Bir halda media mənsubu tərəfindən iddia qaldırılıb. KİV-ə ("Azadlıq" qəzetinə ) qarşı bir məhkəmə iddiası irəli sürülüb.

Mayda adı məhkəmə müstəvisində ən çox hallanan qəzet "Azadlıq" olub. Bu nəşrin baş redaktoru Qənimət Zahidlə bağlı iki proses qeydə alınıb. Zahid Yasamal Rayon Məhkəməsinin hökmü ilə AR Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1 (xuliqanlıq) maddələri ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Mayın 7-də isə, Ali Məhkəmədə Müdafiə Nazirliyinin "Azadlıq" qəzetinə qarşı qaldırdığı iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərardan kassasiya şikayətinə baxılıb. Şikayət təmin olunmayıb. "Azadlıq"la əlaqədar növbəti məhkəmə faktı mayın 16- da nəşrin əməkdaşı Aqil Xəlilin Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə və Dövlət Sərhəd Xidmətinə qarşı qaldırdığı iddialardır. İddialara səbəb Xəlilin ölkədən kənara çıxarılmasına icazə verilməməsi olub. Buna görə də jurnalist Nəsimi Rayon Məhkəməsindən ona dəyən mənəvi zərərə görə konpensasiya ödənilməsini və istənilən an xaricə getməsinə icazə verilməsini tələb edib.

"Azadlıq" qəzeti ilə bağlı daha bir məhkəmə faktında iddiaçı tərəf Azadlıq Hərəkatçıları Birliyidir. Qurumun mayın 23- də Yasamal Rayon Məhkəməsində qaldırdığı iddia ərizəsində "Azadlığ"ın yaranması və fəaliyyətindən söhbət açılır. Həmçinin, qeyd olunur ki, qəzetə rəhbərlik edənlər onu öz yolundan yayındırıblar və vaxtilə AXC-nin mülkiyyəti olan "Azadlıq" qəzetinin AXCP-nin orqanı kimi deyil, qəzetin kollektivinin orqanı kimi fəaliyyət göstərməsi, xüsusilə də Əbülfəz Elçibəyin vəfatından sonra mövqeyindəki dəyişikliklər ciddi narahatlıq keçirməyə əsas verib. Azadlıq Hərəkatçıları Birliyi iddia ərizəsində "Azadlığ"ın AXC-nin təsisçiliyindən çıxarılaraq, kollektivinin təsisçiliyinə verilməsini qeyri-qanuni hesab edir. İddiada nəşrin indiki rəhbərlik və kollektivlə istehsalına və yayımına xitam verilməsi tələb olunur. Tələblər sırasına qəzetin hazırki rəhbərliyinin AXC qurucuları və həmin qəzetin təsisçilərinə vurduğu mənəvi zərərə görə üzr istəməsi, AXC qurucularına, cəmiyyətə vurulan mənəvi zərərə görə, 150 min manat məbləğində cərimələnməsi də daxildir.

Ötən ay jurnalistlərlə bağlı məhkəmə proseslərində diqqət çəkən cəhət işlərin Avropa Məhkəməsinə qədər getməsidir. Bu faktlardan biri "Azadlıq" radiosu ilə bağlıdır. Belə ki, mayın 8- də radionun Naxçıvan bürosunun əməkdaşı İlqar Nəsibovun vəkilləri, ölkənin məhkəmə instansiyalarının Naxçıvan Şəhər Polis İdarəsinin rəisi Səbuhi Novruzovun xüsusi ittiham qaydasında şikayəti əsasında, jurnalistə qarşı çıxardığı qərarlardan Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndəriblər. Nəsibov hazırda həbsdə olmasa da, 3 aylıq cəza müddətini qeyri-qanuni sayır. Jurnalistə bəraət verilməsi ilə bağlı stənilən apellyasiya şikayətinə baxan Azərbaycan məhkəmələrinin son qərarı belə olub ki, polis rəisi Novruzovun şikayətini geri götürməsi şərti ilə, xüsusi ittiham qaydasında iş üzrə icraata xitam verilə bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti