...

"AZAL"ın casusluqda ittiham olunan sabiq idarə rəisinə 15 il iş verilib

Cəmiyyət Materials 13 İyun 2008 17:47 (UTC +04:00)
"AZAL"ın casusluqda ittiham olunan sabiq idarə rəisinə 15 il iş verilib

Azərbaycan,Bakı,13 iyun / Trend , müxbir T.Abbasov/ Vətənə xəyanətdə, cacusluqda ittiham olunan "AZAL" Dövlət Konserninin Aviasiya Təhlükəsizliyi İdarəsinin sabiq rəisi 15 il azadlıqdan məhrum edildi.

Cümə günü Ağır Cİnayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə sabiq rəis Emil Süleymanov və digər 4 nəfərə hökm oxunub.

Məhkəmənin hökmü ilə sabiq idarə rəisi Emil Süleymanova, əmlakı müsadirə olunmaqla, 15, İdarənin Operativ İdarəetmə Xidmətinin rəisi Tamerlan Mikayılova 2 il 6 ay, xidmətin mühəndis-elektronçusu Tahir Əsədzadəyə 2 il 6 ay, idarənin mühəndis-proqramçısı Faiq Quliyevə 2 il və Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı, polkovnik-leytenant Rafət Əliyevə 3 il iş verilib.

Süleymanov polkovnik rütbəsindən və 3 il müddətinə vəzifə tutmaqdan məhrum edilib.

Qalan müttəhimlərsə, 2 il müddətinə vəzifə tutmaqdan məhrum ediliblər.

Süleymanova qarşı Azərbaycan Cinayət Məcəlləsinin qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə (228.1-ci), dövlətə xəyanət (274-cü), vəzifə səlahiyyətlərini aşma (308-ci), Mikayılova 228.1-ci, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq əldə etmə və ya saxlama (234.1-ci), əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma (302.2-ci), Əsədzadəyə qarşı 228.1, 302.2 və 308.1-ci, Əliyevə qarşı isə, hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə (341.1-ci) və eyni əməllər silah tətbiq olunmaqla törədildikdə (341.2.2-ci) maddələri ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxslər MTN-in İstintaq Təcridxanasında saxlanılır.

Əsədzadə ötən il iyulun sonlarında, Mikayılov avqustun 1-də, Süleymanov sentyabrın 6-da saxlanılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti