...

Dünya Azərbaycanlıları Konqresinin sədri vəzifəsindən uzaqlaşıb

Cəmiyyət Materials 23 İyun 2008 18:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun/ Trend , müxbir C.Babayeva/ Dünya Azərbaycanlıları Konqresinin sədri Qulamrza Səbri Təbrizi qurumun sədrliyindən uzaqlaşıb. "Missiyamı başa çatmış hesab etdiyimə görə, Konqresə sədr seçkisi keçiriləndə namizədliyimi irəli sürmədim. Əsas məqsədim birliyə nail olmaq idi və bu məqsədimə çatdım", - deyə bazar ertəsi Trend -a Qulamrza Səbri Təbrizi Brüsseldən telefon vasitəsilə məlumat verib.

Trend -un arayışı: Qulamrza Səbri Təbrizinin sədrlik etdiyi DAK və Demokratik Dünya Azərbaycanlıları Konqresi (DDAK) arasında 2007-ci ilin dekabrında imzalanmış sazişə uyğun olaraq, 21-23 iyun tarixində Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Parlamentinin iqamətgahında Birlik qurultayı keçirilib. Qurultayda DAK və DDAK arasında birlik sazişi imzalanıb. Qurumun 21 nəfərdən ibarət İdarə Heyəti seçilib.

Təbrizinin bildirdiyinə görə, DAK-ın Nizamnaməsinə dəyişlik edilərək, həmsədrlik institutu yaradılıb. DAK-ın Quzey Azərbaycandan Paşa Qəlbinur, Güney Azərbaycandan isə, DDAK sədri Məmmədrza Xəşti həmsədr seçilib. "Birlik qurultayından sonra DAK-ın əsas məqsədi Azərbaycandan kənarda diasporu gücləndirmək və güneyli soydaşlarımızın insan haqlarının təmin olunmasında fəaliyyətini davam etdirmək olacaq", deyə Təbrizi bildirib.

Təbrizinin sözlərinə görə, o, hazırda DAK-ın fəxri sədridir və qurumun Brüsseldə yaradılacaq mərkəzinə rəhbərlik edəcək.

Bundan sonra Sabir Rüstəmxanlının heç bir açıqlamasına münasibət bildirməyəcəyini vurğulayan Təbrizi qarşılıqlı ittihamların Azərbaycanın beynəlxalq aləmdəki imicinə mənfi təsir göstərdiyini bildirib.

Qurultayda Rusiyanı təmsil edən Ramiz Abutalıbovun Trend -a bildirdiyinə görə, Birlik qurultayı yüksək səviyyədə keçirilib və həmsədrlik institutunun yaradılması Azərbaycan diasporunun fəaliyyətinə yeni təkan verəcək.

Trend -un arayışı: DAK daxilində yaranmış narazılıqlar nəticəsində, İdarə Heyəti (İH) iki yerə bölünüb. İH-nin 16 nəfər üzvündən 11-i Sabir Rüstəmxanlını DAK-ın sədri seçib. İH-nin qalan üzvləri və tərəfdarları Qulamrza Səbri Təbrizinin sədrliyini dəstəkləyir və iyunun 21-23-də Brüsseldə, Avropa Parlamentində qurultay keçirir. İyunun 6-8- də Almaniyanın Köln şəhərində keçirilmiş, Sabir Rüstəmxanlının sədrlik etdiyi DAK-ın qurultayında 25 ölkədən 300-dək nümayəndə və qonaq iştirak edib. Qurultayda DAK-ın Nizamnaməsi və Məramnamsəinə dəyişikliklər qəbul olunub. DAK- da həmsədrlik institutu yaradılıb, Sabir Rüstəmxanlı və Firudin Pərvizniya DAK-ın həmsədrləri seçiliblər. Qulamrza Səbri Təbrizi Köln qurultayını qeyri-legitim hesab edib. İyunun 11-də Köln qurultayının yekunlarına həsr olunmuş mətbuat konfransında Rüstəmxanlı bəyan edib ki, bundan sonra Dünya Azərbaycanlıları Konqresi adına iddialılar məhkəmə qarşısında cavab verəcəklər.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti