Azərbaycan, Bakı, 25 iyun/ Trend , müxbir C.Babayeva/ Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı eyni adlı təşkilatın Brüsseldə keçirdiyi qurultayını "yığıncaq" adlandırıb və qeyri-legitim hesab edib. "Brüssel yığıncağında Avropadakı təmsilçilərimiz iştirak edib və onların bildirdiyinə görə, həmin tədbirə 35 nəfər qatılıb. Həmin tədbirdə DAK-a aidiyyatı olmayan şəxslər də iştirak edib", - deyə Rüstəmxanlı çərşənbə günü Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
Trend -un arayışı: DAK daxilində yaranmış narazılıqlar nəticəsində İdarə Heyəti (İH) iki yerə bölünüb. İH-nin 16 nəfər üzvündən 11-i Rüstəmxanlını DAK-ın sədri seçib. İH-nin qalan üzvləri və tərəfdarları Qulamrza Səbri Təbrizinin sədrliyini dəstəkləyir.
İyunun 6-8-də DAK-ın Almaniyanın Köln şəhərində keçirilmiş Rüstəmxanlının sədrlik etdiyi qurultayında 25 ölkədən 300-dək nümayəndə və qonaq iştirak edib. Qurultayda DAK-ın Nizamnaməsi və Məramnamsinə dəyişikliklər qəbul olunub. DAK-da həmsədrlik institutu yaradılıb, Rüstəmxanlı və Firidin Pərvizniya DAK-ın həmsədrləri seçilib. Təbrizi Köln qurultayını qeyri-legitim hesab edib. İyunun 11-də Köln qurultayının yekunlarına həsr olunmuş mətbuat konfransında Rüstəmxanlı bəyan edib ki, bundan sonra Dünya Azərbaycanlıları Konqresi adına iddialılar məhkəmə qarşısında cavab verəcəklər.
Təbrizinin sədrlik etdiyi DAK-ın iyunun 21-23-də Brüsseldə Avropa Parlamentində keçirdiyi qurultayında təşkilatın Nizamnaməsinə dəyişklik edilib. Dəyişikliyə əsasən, Quzey Azərbaycandan Paşa Qəlbinur, Güney Azərbaycandan isə Məmmədrza Xəşti həmsədr seçilib.
Rüstəmxanlı Təbrizinin tərəfdarlarına DAK adına iddia etmədən, başqa ad altında diaspor təşkilatı kimi fəaliyyət göstərməyi məsləhət edib. "Gələcəkdə birgə fəaliyyət göstərəcəyimiz də mümkün ola bilər. DAK-ı nüfuzdan salıb, iki-üç yerə parçalamq istəyən qüvvələrə baxmayaraq, fəaliyyətimizi davam etdirəcəyik. Kim haqq yolunda olacaqsa, gəlib bizə qoşulacaq", - deyə həmsədr bildirib.
Rüstəmxanlı Brüsseldə keçirilən DAK-ın həmsədrlik institutunu yaratmaqla təkrarçılığa yol verdiyini bildirib. "Həmsədrlik institutunun yaradılmasında əsas məqsədimiz DAK rəhbərliyində liderlik davasının olmadığını sübut eməkdir. Müəyyən məsələləri birgə məsləhət edib düzgün qərar qəbul edəcəyik", - deyə o qeyd edib.
O, DAK adına iddia edənlərlə bağlı məhkəməyə müraciət etməyəcəyini bildirib. "Təbrizi uzun illər qürbətdə yaşayıb. Məhkəməyə müraciət etmək DAK-ın adına yaraşmaz", - deyə həmsədr bildirib.
Mətbuat konfransında çıxış edən DAK-ın digər həmsədri Firidun Pərvizniya DAK-ı strateji baxış adlandırıb. "Hər hansı bir qüvvə DAK-ın fəaliyyətinin qarşısını almağa çalışsa, bütün vasitələrdən istifadə edərək buna yol verməyəcəyik. Adından asılı olmayaraq, Azərbaycan millətinin yolunda fəaliyyət göstərən təşkilatı dəstəkləyəcəyik. DAK adına iddialılar olsa, tərəfsiz məhkəmələrə müraciət olunacaq", - deyə Pərvizniya bildirib.
Onun sözlərinə görə, DAK-ın hazırlanmış proqramına əsasən, qurum daxilində Güney və Dağlıq Qarabağ komitələrinin yaradılması nəzərdə tutulub.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan - [email protected]