...

ABŞ hökuməti hesab edir ki, Azərbaycanın çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə dair qanun layihəsi beynəlxalq standartlara cavab vermir

Cəmiyyət Materials 22 İyul 2008 11:31 (UTC +04:00)
ABŞ hökuməti hesab edir ki, Azərbaycanın çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə dair qanun layihəsi beynəlxalq standartlara cavab vermir

Azərbaycan, Bakı, 22 iyul / Trend , müxbir E.Babayev / Azərbaycan Milli Məclisində ilkin oxunuşda müzakirəyə çıxarılan "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanun layihəsi beynəlxalq standartlara tam cavab vermir. "Əfsuslar olsun ki, hazırda bu qanun layihəsi onu, çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı olan vahid və geniş qanuna çevirə bilən bütün elementləri əks etdirmir. Beynəlxalq standartlara yetərincə uyğun olması üçün bu qanun layihəsinin müəyyən hissələri nəzərdən keçirilməlidir", Trend -un məlumatına görə, bunu çərşənbə axşamı ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi "Azərbaycanda çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə: əldə edilmiş dərslər və ən yaxşı təcrübələr" mövzusunda keçirilən seminarda bildirib.

"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanun layihəsi Milli Məclisin yaz sessiyasında ilkin oxunuşdan keçib. Seminar Azərbaycanın korrupsiyaya qarşı mübarizə üzrə komissiyasının, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, ABŞ-ın Ədliyyə Departamentinin və AŞ-nın birgə təşkilatlığı ilə keçirilir.

ABŞ səfiri vurğulayıb ki, qanun layihəsinin xüsusilə şübhə doğuran əməliyyatlar barədə hesabat, dövlətlərarası pul dövriyyəsinə dair hesabat və hesabat qanunlarının gücləndirilməsinə dair maliyyə və biznes öhdəlikləri sahələrinə yenidən baxılmalıdır. "Milli Məclisdə müzakirəyə çıxarılan bu qanunun qəbul olunması cəhdlərini alqışlayıram və ümid edirəm ki, bununla əlaqədar olaraq yüksək beynəlxalq standartlara cavab verən maliyyə kəşfiyyatı qurumu yaradılacaq", - deyən səfir əlavə edib ki, Avropa Şurasının Manival qrupunun üzvü olan Azərbaycan Maliyyə Əməliyyatı İşçi Qrupunun tərəfdaş üzvüdür. "Çirkli pulların yuyulması Azərbaycanda cinayət hesab olunmasına baxmayaraq, Maliyyə Əməliyyatı İşçi Qrupu tərəfindən tövsiyə olunan və prokurorların öz işlərini müvafiq qaydada aparmasına imkan yaradan hüquq və maliyyə rejimi tətbiq olunmayıb. Bu ilkin qanun layihəsinin məqsədi məhz bu çatışmamazlığı aradan qaldırmaqdır. ABŞ hökuməti bu qanun layihəsinin hazırlanması üçün Anti-korrupsiya Komissiyası üzvləri tərəfindən göstərilən bütün səyləri və əzmkarlığı qiymətləndirir. Mən həm Azərbaycanın, həm də bütün azad və demokratik insanların xeyri naminə qısa zamanda bu ilkin qanun layihəsinə dair müvafiq addım atmağa çağırıram", - deyə səfir bildirib.

Millət vəkili, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü Əli Hüseynov isə bildirib ki, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanun layihəsi Milli Məclisin payız sessiyasında qəbul ediləcək. "Milli Məclisin iradəsi var ki, layihəni payız sessiyasında hər üç oxunuşda qəbul etsin", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti