...

"RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi "Media açarı" mükafatının təsisçiləri sırasını tərk edib

Cəmiyyət Materials 22 İyul 2008 14:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyul/ Trend , müxbir E.Babayev/ "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin İdarə Heyətinin çərşənbə axşamı keçirilən iclasında qurumun "Media açarı" mükafatının təsisçiləri sırasından çıxması barədə qərar verilib. "Komitənin belə addım atmasına səbəb mükafatın 2008-ci il üçün qalibləri müəyyənləşdirilərkən şəxsi qərəzlik meyllərinin peşə prinsiplərini, yaradıcılıq tələblərini üstələməsi olub. Qaliblərin hər birinə hörmətlə yanaşaraq vurğulayırıq ki, belə yanaşma tərzinin gələcəkdə özünü daha qabarıq büruzə vermə təhlükəsi ciddi narahatlıq doğurur", - deyə "RUH"dan Trend -a daxil olan bəyanatda deyilir.

Trend -un arayışı: "Media Açarı" mükafatı 11 ildir təsis olunub. Mükafatın ilk təsisçisi "Yeni Nəsil" Jurnalistlər Birliyi olub. Sonradan təsisçilərin sırasına Azərbaycan Jurnalistlər Liqası və "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi qoşulub. "Media Açarı" hər il iyulun 22-də təqdim olunur. Bunun üçün əvvəlcədən müsabiqə elan edilir. Müsabiqəyə il ərzində mediada dərc olunan yazılar təqdim olunur. "Media açarı"nın qalibi olan jurnalist ikinci dəfə müsabiqəyə qoşula bilməz.

"RUH" bəyan edib ki, bu qərar təəssüfləndirici olduğu qədər də vacib və obyektivdir. Komitə eyni zamanda bəyan edir ki, ölkənin jurnalist təşkilatlarının çoxsaylı mükafatlar təqdim etməsi mediada və ictimai fikirdəki gözləntiləri heç də doğrultmur. Bunların vahid sistemdə birləşdirilməsi həvəsləndirmə tədbirlərinin effektivliyini artırardı. Komitə bildirir ki, media təşkilatlarının bu istiqamətdə razılaşmasının vaxtı çatıb və bundan ümumilikdə jurnalistikamız fayda götürər.

Azərbaycan Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli çərşənbə axşamı Trend -a məsələ ilə bağlı şərh verməyib. O, bunu bu gün işlərinin çox olması ilə izah edib. "Biz bu gün saat 4-də "Media açarı"nın təqdimetmə mərasimini keçiririk. Tədbirlərimiz başa çatandan sonra məsələ ilə bağlı rəy bildirəcəyik", - deyə o əlavə edib.

"RUH" 1992-ci ildə təsis edilib. 2003-cü il martın 15-nə qədər quruma Əlatun Amaşov sədrlik edib. Azərbaycan jurnalistlərinin birinci qurultayında Mətbuat Şurasının sədri seçilən Amaşov "RUH"un rəhbərliyindən istefa verib. Hazırda "RUH"un rəhbəri vəzifəsini Əvəz Rüstəmov icra edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti