Azərbaycan, Bakı, 29 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" futbol klubunun rəhbərliyi almaniyalı yeni baş məşqçisi Hans Yurgen Gedenin qarşısına ciddi tələblər qoyacaq.
"Bizə işləmək, özünü sübüt etmək istəyən məşqçi lazım idi. Yeni baş məşqçinin qarşısına çox ciddi tələblər qoyulacaq. Ən böyük tələb isə, "Neftçi"nin çempion olmasıdır"- cümə günü Trend -a "Neftçi"nin vitse-prezidenti İlqar Quluzadə deyib.
Trend -un arayışı: "Neftçi" klubu bir neçə gün əvvəl ukraynalı baş məşqçi Anatoli Demyanenkonu istefaya göndərib. Bu gün isə, komandanın yeni baş məşqçisi kimi almaniyalı Hans Yurgen Gede təsdiqlənib.
Quluzadə bildirib ki, sabah yeni baş məşqçi ilə müqavilə bağlanılacaq. "İnanıram ki, yeni baş məşqçinin klubumuzdakı fəaliyyəti bizə uğur gətirəcək. Daha başqaları kimi gəlib yeyib-içməklə işini bitmiş saymayacaq"- vitse-prezident əlavə edib.
"Neftçi" sabah Azərbaycan Premyer-Liqası çərçivəsində Zaqatalanın "Simurq" komandası ilə görüşəcək. Yeni baş məşqçininhəmin oyunu texniki zonadan kənarda izləyəcəyi gözlənilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]