Azərbaycan, Naxçıvan, 3 sentyabr/ TrensNews, müxbir E.Məmmədov/ Naxçıvanın elm xadimi, folklorşünas alim, filologiya elmləri doktoru, professor Məhərrəm Cəfərli seçilmiş elm adamlarına təqdim olunan Türk Dünyası Mədəniyyəti və Xalq Elminə Xidmət Beynəlxalq Mükafatının növbəti sahibi oldu.
Türkiyə Cümhuriyyəti Hüseyn Qazi Mədəniyyət və Sənət Vəkfi tərəfindən verilən mükafat türk dünyası mədəniyyəti sahəsində həyata keçirilən xidmətlərə görə təqdim olunur və mükafat seçici qurum tərəfindən müəyyənləşdirilir.
Bu barədə Trend a Vəqfin başkanı Gülağ Öz məlumat verib. O bildirib ki, mükafatın təqdimat mərasimi sentyabrın 7-də Vəqfin adını daşıyan Hüseyn Qazinin Ankaradakı Türbəsinin önündə keçiriləcək.
M.Cəfərli hazırda Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri vəzifəsində çalışır. 65 yaşlı alim Naxçıvan folklorunun toplanması, nəşri və tədqiqində, eləcə də türk dünyası dastan yaradıcılığı sahəsində yüzlərcə elmi məqalənin və 20-dən çox monoqrafiyanın müəllifidir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]