...

Ömürlük həbs cəzası almış azərbaycanlı zabit həbsxanaya köçürülüb

Cəmiyyət Materials 8 Sentyabr 2008 18:27 (UTC +04:00)
Ömürlük həbs cəzası almış azərbaycanlı zabit həbsxanaya köçürülüb

Azərbaycan, Bakı, 08 sentyabr / Trend , müxbir K.Zərbalıyeva/ Budapeşt şəhər məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilmiş Azərbaycan Silahlı Qüvvələrinin zabiti istintaq təcridxanasından həbsxanaya köçürülüb.

Bu barədə Trend -a bazar ertəsi Azərbaycanın Macarıstandakı səfirliyindən telefonla məlumat verilib.

Azərbaycan Ordusunun zabiti Ramil Səfərov, 2004 -cü ilin fevralında erməni zabiti Qurgen Markanyanı qətlə yetirdiyi üçün, Budapeşt şəhər məhkəməsinin 13 aprel 2006 -cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib. Bu hökmdən verilən apellyasiya şikayəti də təmin olunmayıb.

Bildirilib ki, Ramil Səfərov Budapeştdə, saxlandığı istintaq təcridxanasından 500 metr kənarda yerləşən həbsxanaya köçürülüb.

Səfirliyin əməkdaşları Səfərovla həbsxanada görüşüb.

Saxlandığı İstintaq Təcridxanasının nəzarətçilərinə tabe olmamaqda ittiham olunan Səfərova ötən il noyabrın 17-də Budapeştin rayon məhkəməsinin hökmü ilə 8 ay şərti iş verilib. Apellyasiya məhkəməsi bu hökmü də qüvvədə saxlayıb.

Azərbaycan zabitinin cəza çəkməsi üçün öz ölkəsinə vertilməsi məsələsi Azərbaycanın ədliyyə nazirinin Macarıstana səfəri zamanı müzakirə olunacaq. Onun cəzasını çəkmək üçün öz ölkəsinə verilməsi ilə bağlı Ədliyyə Nazirliyi Macarıstanın Ədliyyə Nazirliyinə müraciət edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti