...

Azərbaycanın paytaxtındakı qəbiristanlıqlarda "goreşənlik"lə məşğul olan dəstə üzvlərinin məhkəməsi başlayıb

Cəmiyyət Materials 9 Sentyabr 2008 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 sentyabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanın paytaxtındakı qəbiristanlıqlarda "goreşənlik"lə məşğul olan dəstə üzvlərinin məhkəməsi başlayıb.

Bakının Yasamal rayon məhkəməsindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, Qəhrəman Ağamalıyev, Rəşid Cəbiyev, Həsən Qurbanov, Mahir Mustafayev və Kazım Kazımov qızıl dişlər əldə etmək məqsədilə qrup yaradıblar.

Onlar 2003-cü ildən 2008-ci ilədək olan müddətdə Bakının bir neçə qəbiristanlığında qəbirləri dağıdıb, meyidlərin üzərində təhqiredici hərəkətlər edərək qızıl dişlərini axtarıblar.

Dəstənin ilk "əməliyyatı" 2003-cü ilin yanvarında olub, Onlar Abşeron rayonunun Mehtiabad kəndində "Mehtiabat qəbiristanlığı"nda dəfn edilmiş dörd nəfərin qəbrini dağıdıblar.

Həmin ilin avqustunda isə Bakının Yasamal rayonu ərazisindəki "Rus qəbiristanlığı"nda dəfn olunmuş iki nəfərin qəbrini açaraq onların dişlərini axtarıblar.

2004-cü ilin fevralında "Yeni Yasamal qəbiristanlığı"nda, 2007-ci ilin sentyabrından 2008-ci ilin mayın ortalarınadək isə "Yasamal qəbiristanlığı"nda onlarla qəbirləri açaraq diş axtarıblar.

Dəstənin keçirdiyi bütün "əməliyyatlar" uğursuz alınıb.

Yalnız sonunucu - bu ilin mayın 20-də "Yasamal qəbiristanlığı"ndakı işləri uğurlu olub.

Həmin qəbiristanlıqda dəfn edilmiş Ülfət Səmədov, Ramiz Xanbutayevin qəbirlərini açaraq dəyəri 329 manat olan qızıl dişlərini çıxarıblar.

Dəstə üzvləri bu ilin mayında həbs olunublar və barələrində Cinayət Məcəlləsinin qəbir üzərində təhqiredici hərəkətlər (245-ci) maddəsi ilə cinayət işi açılıb.

Dəstə üzvlərinin işi Bakının Yasamal rayon məhkəməsində hakim Tahir İsmayılovun icraatına verilib. Məhkəmədən bildirilib ki, iş üzrə məhkəmə istintaqı yekunlaşmaq ərəfəsindədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti