...

Kiyevdə Azərbaycan məktəbi yeni binada fəaliyyət göstərəcək

Cəmiyyət Materials 9 Sentyabr 2008 19:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 sentyabr / Trend ,/ Sentyabrın 15-də Kiyev şəhərində bazar günü Azərbaycan məktəbinin yeni binası açılacaq.

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən çərşənbə axşamı verilən məlumata görə, Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Kiyevdə 1999-cu ildən fəaliyyət göstərən bazar günü məktəbini bu tədris ilindən hökumət rəsmi qaydada yerlə təmin edib.

Kiyevin Qoloseyevski rayonundakı 37 saylı orta məktəbin binası həftəsonu istifadə üçün Azərbaycan məktəbinə verilib. Ukrayna dövləti bu məktəbdə dərs deyəcək müəllimlərə əmək haqqı da verəcək. Bu barədə razılıq Ukrayna prezidentinin Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşündə əldə olunub.

Burada ilk dövrdə 25-dək şagird təhsil alacaq. Kiyevdə yaşayan digər xalqların nümayəndələri də bu məktəbdə Azərbaycan dilini, tarixini, mədəniyyətini öyrənməyə maraq göstərir. Həftəsonu məktəbinin dərs vəsaitləri ilə təmin olunması üçün Ukrayna Azərbaycanlıları Konqresi Azərbaycanın Təhsil Nazirliyinə müraciət edib. Digər zəruri ləvazimatlar Ukrayna Azərbaycanlıları Konqresinin vəsaiti hesabına alınacaq.

Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən Azərbaycan məktəbini şəhər rəhbərliyi 5 il əvvəl yerlə təmin edib və burada çalışan müəllimlərə dövlət hesabına məvacib verilir. Azərbaycan Təhsil Nazirliyinin göndərəcəyi dərs vəsaitlərinin bir hissəsi məhz Xarkovdakı bazar günü məktəbinə veriləcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti