...

Azərbaycanda həbsdə olan şirkət rəhbəri digər torpaq sahəsində yaşayış binasının tikilməsinə razılıq verib

Cəmiyyət Materials 23 Sentyabr 2008 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycanda "GEN" MMC-nin həbsdə olan rəhbəri Elbrus Əliyev şirkətə məxsus torpaq sahəsində yaşayış binasının tikilib, zərərçəkənlərə verilməsini istəyir.

Bu barədə çərşənbə axşamı Trend -a bir neçə gün öncə Əliyevlə görüşən vəkili Telman Qasımov bildirib.

"Elbrus Əliyev hesab edir ki, Sulutəpə qəsəbəsində şirkətə məxsus inşaası yarımçıq qalan binanın tikilməsi üçün şərait yaradılmalıdır və bu işlərin icrası şirkətin digər bir əməkdaşına tapşırılmalıdır", - deyə Qasımov bildirib.

Trend -un arayışı: Şirkət tərəfindən tikilən evlərin vətəndaşlara satılmasında vasitəçilik edən Mütəllim Babayev Azərbaycan Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq törədilməsi (178.3.2-ci) maddəsi ilə təqsirləndirilərək, barəsində avqustun 30-da həbs qətimkan tədbiri seçilib.

Şirkət direktorunun kadrlarla iş üzrə müavini Mehbarə Cəfərzadəyə də həmin gün ittiham elan olunub. İstintaq Cəfərzadəni təqsirləndirilən şəxs kimi tanıyıb və ona Azərbaycan Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq törədilməsi (178.3.2-ci) maddəsi ilə ittiham elan olunub.

Cəfərzadədən istintaqdan icazəsiz hec yerə getməməsi haqda iltizam alınıb. Hazırda o, polisin nəzarəti altındadır.

"GEN" MMC-nin rəhbəri Elbrus Əliyev iyunun 11-də saxlanılıb və Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Əliyev barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bundan bir müddət sonra "GEN" MMC-nin rəhbəri Əliyevin müavini Nəbi Məmmədov və şirkətin mühasibi Həbib Ağayev həbs olunublar. Onlar Azərbaycan Cinayət Məcəlləsinin dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə (178.3.2-ci) maddəsi ilə təqsirləndirilərək, barələrində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İyulun 3-də şirkətin baş mühasibi Əliyar Abbasov saxlanılıb. Abbasov şirkətin prezidenti Əliyevlə birgə dələduzluqda ittiham olunub. Abbasov barədə 2 aylıq həbs qətimkan tədbiri seçilib. Əliyevə qarşı dələduzluq etməkdə təqsirli bilinən Akif Səfər oğlu Məmmədov sentyabrın 13-də, Zahid Arif oğlu Əliyev isə sentyabrın 15-də həbs ediliblər.

Əliyevin 550 vətəndaşı aldadaraq onlardan 12 milyon manat pul alaraq mənimsədiyi bildirilir.

Qasımovun sözlərinə görə, Əliyev həmin binanın tikilib başa çatdıqdan sonra zərərçəkənlərə verilməsini deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti