...

Azərbaycan Xüsusi Olimpiya Oyunlarında daha bir idman növü üzrə təmsil olunacaq – komitə sədri

Cəmiyyət Materials 7 Oktyabr 2008 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 oktyabr / Trend , müxbir R.Ergün/ Ümumdünya Xüsusi Olimpiya Qış Oyunlarında iştirak edəcək Azərbaycanın döşəmə üzərində hokkey üzrə yığma komandası əvvəlki illərlə müqayisədə daha da güclənib.

"Tam əminliklə deyə bilərəm ki, hokkey komandamız güclüdür. Biz bu dəfə keçiriləcək Xüsusi Olimpiya Qış Oynlarında beşinci divizionda mübarizə aparacağıq. Bu elə də güclü divizion hesab olunmur", çərşənbə axşamı Trend Xəbərlər Agentliyinin mətbuat mərkəzində jurnalistlərlə görüşdə Azərbaycan Xüsusi Olimpiya Komitəsinin sədri Şahin Əliyev deyib.

Xüsusi Olimpiya Qış Oyunları 2009-cu ildə, fevralın 7-dən 13-dək ABŞ-da keçiriləcək. Sonuncu belə yarış Yaponiyada təşkil olunub.

Azərbaycanı Xüsusi Olimpiya Qış Oyunlarında yalnız hokkey yığması təmsil edəcək.

Əliyev bildirib ki, Xüsusi Olimpiya Oyunlarının sırasına cüdo idman növünün daxil edilməsi planlaşdırılır.

"Azərbaycan bu vaxta kimi Xüsusi Olimpiya Yay Oyunlarında səkkiz idman növü üzrə təmsil olunub. Artıq qərara almışıq ki, cüdo idman növündə də yarışlara qatılaq", - deyə komitə sədri əlavə edib.

Azərbaycan Ümumdünya Xüsusi Olimpiya Oyunlarında 1991-ci ildən təmsil olunmağa başlayıb. Beynəlxalq Xüsusi Olimpiya Komitəsi isə 1963-cü ildən fəaliyyət göstərir.

Əqli və fiziki cəhətdən qüsurlu idmançıların mübarizə aparacağı Xüsusi Olimpiya Qış Oyunlarında iştirak edəcək Azərbaycanın hokkey üzrə yığma komandasının baş məşqçisi Lyudmila Qasiyevadır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti