Azərbaycan, Bakı, 09 oktyabr / Trend , müxbir R.Ergün / Azərbaycanın futbol üzrə milli komandasının almaniyalı baş məşqçisi Berti Foqts Almaniyanın "Borrusiya" klubuna keçidi ilə bağlı danışıqların olduğunu əsassız sayıb.
"Azərbaycanın milli komandası ilə işləmək mənim üçün çox xoşdur. Azərbaycan futbolunun inkişafına bacardığım qədər öz köməkliyimi göstərəcəyimə söz vermişəm. Burada hayata keçiriləsi böyük proqramlarım var və ümid edirəm ki, bu, Azərbaycan futbolunun inkişafına böyük təkan olacaq", cümə axşamı Foqts Azərbaycan Futbol Federasiyaları Asossasiyasının (AFFA) saytına müsahibəsində bildirib.
Bəzi kütləvi informasiya vasitələrində Almaniyanın "Borussiya" klubunun Azərbaycan milli komandasının baş məşqçisi Foqtsla maraqlanması barədə informasiyalar yayılıb.
Foqts bildirib ki, "Borussiya" komandasını çox sevir. "18 yaşımdan bu klubda oynamışam. Bir futbolçu kimi formalaşmağımda "Borussiya"ya çox minnətdaram. Klubun nailiyyətlər qazanmasında, az da olsa, mənim də rolum olub. Amma hazırda AFFA ilə müqaviləm var", - almaniyalı baş məşqçi əlavə edib.
Foqts Azərbaycanın futbol üzrə milli komandasına apreldən təyin olunub. Onun baş məşqçiliyi ilə milli komanda 6 oyun keçirib - üç məğlubiyyət, iki heç-heçə və bir qələbə qazanıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]