Azərbaycan, Bakı, 19 noyabr/ Trend , müxbir R.Novruzov/ ABŞ "Bi-Bi-Si", "Azadlıq" və "Amerikanın Səsi" xarici radiostansiyaların Azərbaycan ərazisində yayımının davam etdirilməsinin lehinə çıxış edir.
"ABŞ Azərbaycan tərəfinin ölkə ərazisində xarici radiostansiyaların mümkün bağlanılması qərarından məmnun deyil. Biz Azərbaycanın qanunlarına çox hörmət edirik, lakin düşünürük ki, problemi radiostansiyaların yayımının bağlanılmasından daha yüngül formada həll etmək olar", - ABŞ Dövlət Katibinin demokratiya, söz və əmək azadlığı məsələləri üzrə köməkçisi Devid Kremer çərşənbə günü Bakıda jurnalistlərə bildirib.
Azərbaycan Milli Teleradio Şurasının rəhbəri Nuşirəvan Məhərrəmli əvvəllər jurnalistlərə bildirib ki, 2008 - ci ilin sonunadək "Bi-Bi-Si", "Azadlıq" və "Amerikanın Səsi" radiostansiyaların Azərbaycan ərazisində birbaşa efirdə yayımlanması dayandırılacaq.
"Cari ilin sonunda bütün xarici radiostansiyalar Azərbaycanda yayımlandıqları tezliklərdən məhrum olacaqlar", - Məhərrəmli bildirib. Onun sözlərinə görə, xarici radiostansiyalar peyk, İnternet və kabel şəbəkəsi vasitəsilə yayımlana bilər.
Kremer xarici radiostansiyaların mümkün bağlanılması məsələsini Bakıda həm ölkə rəhbərliyi, həm də vətəndaş cəmiyyətinin nümayəndələri ilə müzakirə edib. Onun sözlərinə görə, tezliklə bu radiostansiyaların Azərbaycan tərəfi ilə danışıqları başlayacaq və "düşünürəm ki, məsələ radiostansiyaların yayımının dayandırılmasından daha yumşaq formada həll olunacaq".
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]