Azərbaycan, Bakı, 27 noyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda insan alveri ilə bağlı faktlar artıb, Trend -un məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə müsahibəsində Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev məlumat verib.
Trend -un arayışı: Ötən il insan alveri ilə bağlı cinayətlərə görə 300 nəfər məsuliyyətə cəlb olunub. Qadınlara qarşı törədilən belə cinayətlərin sayı 120 olub və həmin cinayətləri törədənlərin yarıdan çoxunu da (162-si) qadınlar təşkil edib.
İdarə rəisinin sözlərinə görə, bu sahədə aşkarlanan faktların artması mübarizənin gücləndirilməsi ilə əlaqədardır. Sıxəliyev bildirib ki, 2008-ci ildə respublikada insan alveri ilə bağlı 371 cinayət faktı qeydə alınıb. Bu faktlar üzrə 74 cinayət faktı, 77 insan alveri qurbanı müəyyən edilib və həmin faktlara görə 85 nəfər məsuliyyətə cəlb edilib.
DİN rəsmisi deyib ki, insan alveri üzrə təyinatlı ölkələr Türkiyə, BƏƏ, Pakistan, İran və Hindistandır.
Azərbaycana bu il xaricdən insan alveri qurbanlarının gətirilmə faktlarının qeydə alınmadığını deyən Şıxəliyev bildirib ki, əvvəlki illərdə Qazaxıstan, Özbəkistan və Moldovadan az bir qismdə qurbanlar ölkəyə gətirilib.
Azərbaycanda insan alverinin himayədarlarının müəyyənləşmədiyini deyən idarə rəisinin sözlərinə görə, belə faktlar olarsa, həmin şəxslər cinayət məsuliyyətinə cəlb ediləcəklər.
"İnsan alveri qurbanlarının dünya görüşünün, təhsilinin aşağı olması onları qurbana çevirir. Onlar xoş təkliflərə, şirin vədlərə, yüksək əmək haqqına və vəzifəyə, ailə həyatı qurmaq kimi vədlərə aldanaraq xarıcə gedirlər. Ora gedəndə onların bütün sənədləri əllərindən alınır və qurbana cevrilirlər", - deyə idarə rəisi vurğulayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]