Azərbaycan, Baku, 28 noyabr / Trend Life , müxbir Şahin Cavadsoy/ Türkiyənin məşhur müğənnisi Rafet El Roman dünən Bakıya gəldi. Birinci növbədə qaldıgı paytaxt otellərindən birində, axşam saatlarında mətbuat nümayəndələrilə görüşən müğənni KİV üçün mini mətbuat konfrans keçirib. Mətbuat konfransında Trend Life-ın sualını cavablandıran müğənni bildirdi ki, karyerasını qurdugu illərdə, səfər etdiyi ilk ölkələrdən biri də Azərbaycan olub: "Mən də digər türk həmkarlarımın dediyi sözlərə qatılaraq, sizlərə böyük önəm verdiyimi təkrarlamaq istəyirəm. Çox qonaqpərvər bir xalqsınız. İnanın, Bakıda məndən çox ikinci türk müğənnisi olmayıb. Məni bu səbəbdən burada "rekordsmen də" adlandırırlar. Buna görə də dəqiq yadıma düşmür, Azərbaycan tamaşaçısı qarşısında neçənci dəfədir çıxış edirəm. Amma ümumilikdə 17 konsert olar. İlk dəfə 1996-cı ildə Bakıya gəldim və o illərdən başlayaraq, Azərbaycanı ikinci vətənim kimi qəbul etdim".
Saat 19.25 radələrində səhnəyə çıxan Rafet, birinci növbədə yeni imici ilə diqqətləri cəlb etdi. Onu ciddi geyimdə - kostyumda görən pərəstişkarlarının böyük əksəriyyəti, sürəkli alqışları ilə müğənniyə xoş əhval-ruhiyyə yaşatdılar. Amma müğənni söylədi ki, daxili həyəcan keçirir: "Dünyanın bir çox ölkələrində solo konsertlərim olur. Amma Bakı konsertlərimin bir başqa özəlliyi var. Əminliklə deyirəm ki, siz bəyənmədiyiniz mahnıları alqışlamırsınız. Bu isə müğənniyə imtahan anını yaşadır. Afərin sizə".
Konsertdə onu 8 nəfərdən ibarət ansamblı və 1 xanım bekvokal müşayiət edirdi. Amma az əvvəl dediyimiz kimi, daxili həyəcanı onu yeni mahnılarını tamaşaçıya olduğu kimi çatdırmaqda bəzi problemlərlə üz-üzə qoydu. Asanlıqla sezilirdi ki, səsi yerində deyil. Bunlara baxmayaraq, müğənni peşəkarcasına pərəstişkarlarının ürəyinə yol tapmağa müvəffəq oldu. "Ashka virane", "Hanimeli" "Gonul yarası", "Anladım" kimi hitlərini səsləndirən Rafet, Bakıda nömrəbir fanatı və onu hər konsertində yalnız qoymayan Elşad El Romanla bir səhnəni paylaşdı: "Səni o qədər çox sevirəm, hətta şərəfinə "El Roman kababı"da icad etmişəm" - deyən fanat, kumirini evinə qonaq çağırmağı da unutmadı. Rafet dəvəti qəbul etdi və fanatı Elşadın sevdiyi mahnıları səsləndirməyə davam etdi. Daha sonra fasilə oldu. Antrakdan sonra səhnəyə qayıdan müğənni, kempasını başına qoyub, canlı ifasına davam etdi.
Rafet El Roman son günlərin ən hit mahnılarından birinə çevrilən "Aşkı viranə" mahnısını birgə oxuduğu gənc türk müğənni Yusif Guneylə bu dəfə canlı olaraq səsləndirdi.
Yusifi də alqışsız qoymayan bakılı fanatlar, duet ortaqlarının səhnədə etdikləri ekspromplara da şahidlik etdilər: "Azərbaycana ilk dəfə gəlsəm də, sizlərin mənə olan sevginizdən xəbərdaram. Söz verirəm Bakıya yaxınlarlda yenə gələcəm", - deyən Yusif, Rafetin digər mahnılarını - "Aff etmem", "Elimde degil", "Leyla", "Yureyimle seviyorum"u müəllimi ilə birgə ifa etdi. Məlum oldu ki, o, Rafet El Romanı özünə ustad hesab edir.
Gecənin ən çox tələb olunan mahnıları isə "Surgun", "Bana sen lazimsin", "Beni aff edermisin", "Seni seviyorum" oldu. Üç gün müddətində paytaxtda qalacaq müğənni, səfəri çərçivəsində şəhəri gəzmək də istəyib. "Ses Orqanization"in rəhbəri və eləcə də Rafet El Romanın Bakı konsertinin təşkilatçısı Nahid Emiloğlu Trend Life-a bildirdi ki, hörmətli qonağın bütün istəkləri nəzərə alınacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]