...

Futbol üzrə Azərbaycan Premyer - Liqasında 12 klub iştirak edəcək – PFL-in prezidenti

Cəmiyyət Materials 2 Dekabr 2008 17:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 dekabr/ Trend , müxbir R.Ergün/ Gələn ildən futbol üzrə Azərbaycan Premyer-Liqasında 12 klub çıxış edəcək.

"Bu mövsümdə Premyer - Liqanı 4 klub tərk edəcək, birinci diviziondan 2 klub Premyer-Liqaya vəsiqə qazanacaq və klubların sayı 12-yə çatacaq", - Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Hazırda Premyer -Liqada 14 klub iştirak edir.

Musayev bildirib ki, yeni mövsümdən Premyer-Liqanın oyunları dörd dövrəli sistemlə keçiriləcək.

"1 və 2 -ci dövrələrdə 12 komanda mübarizə aparacaq. Sonra ilk 6 pillədə qərarlaşmış klublar iki dövrə ərzində çempionatın mükafatçılarını müəyyənləşdirəcək. Qalan 6 komanda 7-12 - ci yerlər uğrunda mübarizə aparacaqlar. Klublar mövsüm ərzində təkcə Premyer-Liqada ən azı 32 oyun keçirəcəklər ki, bu da yaxşı amildir".

Hazırda Premyer - Liqa 26 turdan ibarətdir və iki dövrəli sistemlə keçirilir. Oyunların azlığı bəzi klubların narazlıqlarına səbəb olub.

PFL- in prezidenti yeni mövsümdə stadionu olmayan klubların Premyer - Liqaya buraxılmayacağını bildirib.

"Artıq bütün klublara xəbərdarlıq olunub. Stadionu olmayan klub Premyer - Liqaya buraxılmayacaq", - deyə Musayev əlavə edib.

Musayev qəsdən uduzan klubların çempionatdan çıxarılacağını deyib.

"Hərdən klubların qəsdən uduzması barədə xəbərlər yayılır. Hansısa klubun qəsdən uduzması sübut olunsa, Premyer - Liqadan çıxarılacaq və 4 il müddətində PFL-in bayrağı altında keçirilən yarışlara buraxılmayacaq".

Musayev bu ilin iyul ayından PFL-in prezidentidir. O, bundan əvvəl "Neftçi" klubunun vitse - prezidenti olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti