...

Azərbaycanın ali təhsil müəssisələrinə qəbul qaydalarında dəyişikliklər edilib

Cəmiyyət Materials 10 Fevral 2009 12:45 (UTC +04:00)
Azərbaycanın ali təhsil müəssisələrinə qəbul qaydalarında dəyişikliklər edilib

Azərbaycan, Bakı, 10 fevral / Trend , müxbir C.Babayeva/ 2009-2010-cu dərs ilində Azərbaycan ali təhsil məktəblərinə qəbul qaydalarında bəzi dəyişikliklər edilib.

"İki və ya artıq sayda eyni bal toplamış abituriyentlərin ali təhsil müəssisəsinə qəbulu mümkün olmadıqda, nəzərə alınan göstəricilər sırasına "əsas fənlər üzrə attestat qiymətlərinin cəmi" də daxil edilib", - çərşənbə axşamı brifinqdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

"Dəyişikliklərdən biri odur ki, pedaqoji və idman ixtisasları, texnoloji dizayn üzrə xüsusi biliklərin qiymətləndirilməsi üzrə imtahanların nəticələri "məqbul" və "qeyri-məqbul" kimi qiymətləndirilir", - TQDK sədri bildirib.

Ötən il nəticələr beş ballıq sistemlə qiymətləndirilib.

2009/2010-cu dərs ilində 149 ixtisas üzrə bakalavr dərəcəsinə qəbul həyata keçiriləcək. Bu ixtisaslar üzrə qəbul planı imtahanlardan əvvəl açıqlanacaq.

Ötən ilin yanvarında Nazirlər Kabineti "Bakalavr dərəcəsi üçün ali təhsil müəssisələrinin ixtisas siyahısı"nı təsdiqləyib.

"Dövlət komissiyası "Abituriyent" jurnalının 1-ci sayını artıq dərc edib. Orada bu ildən etibarən qəbul həyata keçiriləcək qruplar üzrə ixtisasların siyahısı qeyd olunub",  - Abbaszadə deyib.

Abbaszadə məlumat verib ki, 2010-cu ildən etibarən II və III ixtisas qruplarında Azərbaycan sektoru üçün xarici dil siyahısına rus dili də əlavə olunacaq. Bu qruplar üzrə xarici dillər siyahısına həmçinin ingilis, alman, fransız, ərəb və fars dilləri daxildir.

Ali və orta təhsil müəssisələrinə ərizə qəbulu internet vasitəsilə aparılacaq. Abituriyentlərə orada səkkiz ixtisas kodu göstərmək imkanı verilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti