Azərbaycan, Bаkı, 17 mart / Trend , müxbir A.Hüseynbala /
Abşeron rayonunun Novxanı qəsəbəsinin sahil zolağında 5 ədəd modul tipli təmizləyici qurğuya baxış keçirilib.
"Qurğuların fəaliyyəti nəticəsində Xəzər dənizinə gün ərzində 1575 m3 həcmində axıdılan çirkab suyun müvafiq norma və standartlara uyğun təmizlənməsi təmin ediləcək. Bununla əlaqədar ərazinin 30 hektara yaxın sahəsində drenaj kollektorları çəkilib", - çərşənbə axşamı Trend -a Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.
Məlumatda qeyd edilir ki, Sumqayıt şəhər sahil zolağında gün ərzində 750 m3 həcmində çirkab suyu müvafiq norma və standartlara uyğun təmizləyərək dənizə axıdılmasını təmin edən 2 ədəd modul tipli təmizləyici qurğuların quraşdırılması üzrə son tamamlanma işləri həyata keçirilir və yaxın günlərdə istismara verilməsi planlaşdırılır.
Azərbaycan Respublikası prezidenti tərəfindən imzalanmış 2007-ci il 20 iyun tarixli 2244 saylı "Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında" Sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində beynəlxalq standartlara cavab verən modul tipli lokal təmizləyici qurğular alınaraq Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran qəsəbələrində quraşdırılıb və istismara verilib.
Nazirlikdən bildirilir ki, nəzərdə tutulan tədbirlərin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası prezidentinin 13 iyin 2008-ci il tarixli müvafiq saylı qərarı ilə Abşeron yarımadasının Novxanı və Sumqayıt istiqamətlərində müəyyənləşdirilmiş dənizi çirkləndirən axarların texniki parametrləri, tullantı sularının kəmiyyət və keyfiyyət göstəriciləri öyrənilib və növbəti mərhələlərdə təmizləyici qurğuların bu mənbələrdə quraşdırılması üçün müvafiq tədbirlər həyata keçirilib. "Azərbaycan Xəzəryanı dövlətlər arasında yeganə ölkədir ki, dənizin və onun akvatoriyasının çirklənmədən qorunması üzrə kompleks tədbirlər həyata keçirir. Bu tədbirlərin növbəti illərdə də davam etdirilməsi Xəzər akvatoriyasının daha da təmizlənməsi ilə nəticələnəcək və Abşeron yarımadasının Xəzər dənizini çirkləndirən mənbələr sırasından çıxarılmasına nail olunacaq", - məlumatda qeyd edilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]