...

Azərbaycanda daxili turizmin inkişaf tempini qənaətbəxş hesab etmək olar - mədəniyyət və turizm naziri ilə müsahibə

Cəmiyyət Materials 7 Aprel 2009 13:06 (UTC +04:00)
Azərbaycanda daxili turizmin inkişaf tempini qənaətbəxş hesab etmək olar - mədəniyyət və turizm naziri ilə müsahibə

Azərbaycan, Bakı, 07 aprel / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Trend -un müsahibəsi.

- Cənab nazir, dünya maliyyə böhranı Azərbaycanın turizm biznesinə necə təsir göstərib?

- Dünya maliyyə böhranı bir sıra ölkələrin iqtisadiyyatına, xüsusilə də turizm sahəsinə təsir göstərməkdədir. Dünya maliyyə böhranı 2008-ci ildə ölkəmizin turizm bazarına da müəyyən təsir göstərib. Belə ki, 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 2008-ci ildə Azərbaycandan xarici ölkələrə gedən vətəndaşların sayının artım tempi azalıb. Lakin nazirlik tərəfindən turizm şirkətləri arasında keçirilən şifahi sorğular nəticəsində məlum olub ki, bunun əksi olaraq, 2008-ci ildə ölkə vətəndaşlarının daxili bazarda səfərlərinin sayı artıb.

- Bildirmişdiniz ki, Azərbaycanda 2010-cu ildə daha 25 mehmanxana otelin tikintisi nəzərdə tutulub. Hazırda bu plan hansı mərhələdədir maliyyə böhranı bu işlərin icrasına təsir göstərəcəkmi?

- Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunmuş "Azərbaycan Respublikasında 2009-2013-cü illər üçün Turizmin İnkişafına dair Dövlət Proqramı" layihəsinin bir sıra bəndlərdə regionlarda yeni mehmanxana və mehmanxana tipli obyektlərin tikintisi öz əksini tapıb. Hazırda Azərbaycanda 59 mehmanxana və mehmanxana tipli obyekt tikilməkdədir. Hesab edirəm ki, növbəti illərdə də bu göstərici bundan aşağı düşməyəcək.

Azərbaycanda mövcud olan turizm ponesialı ölkənin iqtisadi-mədəni inkişafının bir hissəsidir, dövlətin bu sahənin inkişafına ayırdığı diqqət, hər il artan təcrübə ciddi uğurların əldə olunacağı barədə danışmağa əsas verir.

Dünya dövlətlərinin iqtisadiyyatına mənfi təsir göstərən maliyyə böhranının Azərbaycana təsiri demək olar ki, hiss olunmur. Bu ondan irəli gəlir ki, dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasət effektiv və məqsədyönlüdür.

- 2008-ci ildə Azərbaycana nə qədər turist səfər edib və 2009-cu ildə nə qədər turistin ölkəmizə gələcəyi gözlənilir?

- 2008-ci ildə Azərbaycana gələn əcnəbi vətəndaşların ümumi sayı 1 898 939 nəfər olub, bu, 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 42,5% çoxdur. Mütəxəssislərimizin apardığı hesablamalara görə, onların arasında turistlərin sayı təqribən 1 408 988 nəfərdir. Bu da ötən ilə nisbətən 39,4% çoxdur.

Ən böyük artım qonşu dövlətlərdən - Rusiya, Gürcüstan, İrandan gələn vətəndaşlar arasında olub. Proqnoza gəldikdə isə, ümumi maliyyə böhranı səbəbindən 2009-cu ildə bu sahədə artım olmaya da bilər.

- Bu gün Azərbaycanda həm xarici, həm də daxili turizmin inkişaf xarakteri necədir, azərbaycanlı turistlər hansı ölkələrə səfər etməyə üstünlük verirlər?

- Azərbaycan 22 ölkə ilə turizm sahəsində əməkdaşlığa dair saziş imzalayıb. Daha 27 ölkəyə saziş layihələri təqdim olunub. Azərbaycanın turizm potensialını təbliğ etmək məqsədilə 2009-cu il ərzində Yunanıstan, Misir, Mərakeş, İordaniya və Almaniyanın turizm şirkətləri və kütləvi informasiya vasitələri nümayəndələrinin ölkəmizə infoturu təşkil ediləcək.

Çoxtərəfli əməkdaşlığın qurulması və inkişaf etdirilməsinin xarici turizm siyasətinin prioritet istiqamətlərindən biri olduğunu nəzərə alaraq, biz BMÜTT, İKT, QDİƏT, GUAM, MDB-yə üzv dövlətlərin Turizm Şurası və digər beynəlxalq təşkilatlarla xarici turizm sahəsində çoxtərəfli əməkdaşlığın təşkil edilməsi, turizm sahəsində mövcud olan layihələrə qoşulma, beynəlxalq tədbirlərdə fəal iştirakın təmin edilməsi, yeni təklif və layihələrin hazırlanması və əməkdaşlığa dair sənədlərin imzalanması istiqamətində səmərəli fəaliyyətimizi davam etdiririk.

Son iki il ərzində respublikamız bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib. 2007-cı ilin 9-12 sentyabr tarixlərində Bakı şəhərində keçirilən Turizm Nazirlərinin V İslam Konfransı buna bariz nümunələrdən biridir.

Mədəniyyət və Turizm Nazirliyi Avropa Şurasının Kiyev təşəbbüsü çərçivəsində həyata keçirilən "Şərab yolları" və "Aleksandr Düma Qafqazda", "Azərbaycanda alman yaşayış məskənləri", BMT ÜTT çərçivəsində həyata keçirilən "Böyük ipək yolu" layihələrində iştirak edir. Həmçinin, Xəzər dənizi üzrə kruiz marşrutlarının təşkilində əməkdaşlığa dair Qazaxıstan, Azərbaycan, İran, Rusiya və Türkmənistan arasında imzalanmaq üçün Saziş layihəsi işlənib hazırlanıb. 

Ölkəyə gələn turistlər əsasən paytaxta üz tuturlar. Bu da ondan irəli gəlir ki, Bakı Azərbaycanın tarix, mədəniyyət və sənaye mərkəzidir. Buna baxmayaraq, Quba-Xaçmaz, Lənkəran-Astara, Şamaxı-Qəbələ, Şəki-Zaqatala, Gənə-Qazax zonaları istiqamətində bütün şəhər və rayonlara həm yerli, həm də xarici turistlərin böyük axınını müşahidə etmək olar.

Ümumiyyətlə, daxili turizmin inkişaf səviyyəsi bizi qane etməsə də, artım tempini qənaətbəxş saymaq olar.

- Bu gün Azərbaycanın turizm obyektlərindəki qiymətlər təqdim olunan xidmətlərə uyğundurmu?

- Sosioloji sorğular göstərir ki, bu gün turizm obyektlərindəki qiymətlər həqiqətən göstərilən xidmətlərin müqabilində bahadır. Mövcud qanunvericiliyə görə, turizm xidmətlərinin qiymətlərinin formalaşmasına nazirliyin müdaxilə etməsi mümkün deyil. Lakin nazirlik göstərilən xidmətlərin dəyərinin keyfiyyətinə uyğunlaşması istiqamətində müvafiq işlər aparır.

Belə ki, Bakıda və Azərbaycanın turizm regionlarında nazirlik tərəfindən mehmanxana sənayesində çalışan mütəxəssislər üçün hər il yay mövsümü başlamazdan əvvəl treninq kursları təşkil olunur. Bundan başqa, mehmanxana rəhbərləri Azərbaycanda və xarici ölkələrdə keçirilən seminarlarda iştirak edirlər. Azərbaycanda turizm sahəsi üzrə mütəxəssislərin hazırlanması istiqamətində nazirliyin təşəbbüsü ilə 2006-cı ildə Azərbaycan Turizm İnstitutu yaradılıb və o, bu gün öz fəaliyyətini uğurla həyata keçirir. Azərbaycan Turizm İnstitutunun tələbələri hər il yay tətili zamanı Türkiyə, Yunanıstan, Kipr və Azərbaycanın turizm bölgələrində praktik məşğələlər keçirlər. İnanırıq ki, bu İnstitutu 2010-cu ildə bitirəcək ilk məzunlar Azərbaycanın turizminə layiqli töhfələr verəcəklər.

 - Turizm bazarında neqativ hallara qarşı Mədəniyyət və Turizm Nazirliyi necə mübarizə aparır, hansı tədbirlər görülür və müştərilərin itkiləri necə kompensasiya olunur?

- Nazirlik turizm bazarında istehlakçıların (turizm xidmətlərindən istifadə edən səyahətçilərin) hüquqlarının qorunması istiqamətində müvafiq işlər aparır. Mədəniyyət və Turizm Nazirliyindən turizm fəaliyyəti göstərmək üçün xüsusi razılıq (lisenziya) almış turizm şirkətləri istehlakçılara hər hansı bir turizm məhsulu satarkən iki tərəf arasında müqavilə imzalanır. Qeyd olunan müqavilədə həm istehlakçıların, həm də turizm şirkətlərinin hüquqları öz əksini tapır. Əgər istehlakçılar tərəfindən hər hansı narazılıq olarsa, tərəflər arasında imzalanmış müqaviləyə əsasən, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, məhkəmə orqanlarına müraciət olunur. Problem məhkəmə orqanlarının müvafiq qərarına uyğun olaraq həll edilir. Əgər məhkəmə orqanları tərəfindən turizm şirkətlərinin təqsiri sübut edilərsə, nazirlik tərəfindən qeyd olunan şirkətlərə xəbərdarlıq edilir və növbəti dəfə belə bir hal baş verərsə, müvafiq qanunvericiliyə uyğun olaraq, onların fəaliyyəti dayandırılır.

Mütəxəssislərimiz mütəmadi olaraq Azərbaycanın turizm regionlarında fəaliyyət göstərən turizm obyektlərində monitorinqlər keçirirlər. Lisenziya və keyfiyyət nişanı verilmiş obyektlərdə hər hansı bir nöqsan aşkar olunursa, müvafiq qanunvericiliyə, həmçinin turizm xidməti obyektləri ilə nazirlik arasında bağlanmış müqaviləyə əsasən, həmin obyektlərin fəaliyyəti dayandırıla və lisenziya ləğv edilə bilər.

- 2008-ci ildə neçə belə monitorinq keçirilib və nəticələr necə olub?

- 2008-ci ildə yay turizm mövsümü zamanı turist obyektlərində xidmət səviyyəsinin yoxlanılması, qida servisinin vəziyyətinin öyrənilməsi, sanitariya və gigiyena tələblərinə riayət edilməsi, turistlərin təhlükəsizliyinə dair həyata keçirilən tədbirlərə nəzarətin təşkili ilə bağlı ictimai nümayəndələrdən ibarət Monitorinq Komissiyası yaradılmış və bununla bağlı qeyd olunan Komissiyanın üzvləri Şamaxı-Qəbələ-Şəki-Qax və Quba-Xaçmaz rayonlarına ezam edilmişlər.

Aparılan monitorinqlərin nəticələrindən məlum olub ki, mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində işçi heyətin peşə hazırlığında, müştərilərə göstərilən xidmətin səviyyəsində, idarəetmə və reklam-təbliğat işində müəyyən problemlər mövcuddur. Bu problemlərin həll üçün mehmanxana və turizm şirkətləri işçiləri üçün Türkiyə və Yunanıstandan dəvət olunmuş turizm üzrə ekspertlərin köməkliyi ilə treninq kursları təşkil olunub.

Xəbər lenti

Xəbər lenti