...

Azərbaycanda yaşıllaşdırma üçün ərazilər müəyyən edilib – nazir

Cəmiyyət Materials 24 Aprel 2009 14:25 (UTC +04:00)
Azərbaycanda yaşıllaşdırma üçün ərazilər müəyyən edilib – nazir

Azərbaycan, Bakı, 24 aprel / Trend , müxbir C.Babayeva / 

Azərbaycanda yaşıllaşdırma üçün 11 ərazi müəyyən edilib. Bu barədə jurnalistlərə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov cümə günü "Yeni Azərbaycan" Partiyasının baş qərargahında keçirilən mətbuat konfransı zamanı bildirib.

"Azərbaycan Prezidentinin sərəncamına əsasən, iki il ərzində 3 mln. ting əkiləcək. Ağaclar Abşeron rayonu ərazisində, paytaxtın Qaradağ, Suraxanı, Sabunçu, Binəqədi və Əzizbəyov rayonları ərazilərində əkiləcək", - deyə nazir Trend -a bildirib.

Azərbaycan Prezidenti İlham Əliyav hər-hansı bir ərazidə obyekt tikintisi zamanı ağac kəsilməsinə qadağa qoyub. Bu barədə dövlət başçısı Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübündə sosial-iqtisadi inkişafa həsr edilmiş iclasda bəyan edib.

"Mənə verilən məlumata görə, bəzi hallarda Bakıda hansısa obyektin tikintisi zamanı ağaclar məhv edilir, kəsilir. Yerlər alınır, hasarlanır və hasarın dalında bütün ağaclar məhv edilir. Daha sonra orada binalar - fərdi yaşayış evləri, yaxud da hündürmərtəbəli binalar tikilir. Bu siqnallar mənə dəfələrlə daxil olub. Mən Hacıbala Abutalıbova göstərişlər vermişdim. Bu gün də həm yerli icra orqanlarına, həm də vəzifədən sui-istifadə edən şəxslərə sonuncu dəfə xəbərdarlıq edirəm ki, bu hallara son qoysunlar. Mən Bakıda və Azərbaycanda ağacların kəsilməsinə qadağa qoyuram", - deyə Prezident İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, yalnız hər-hansı bir infrastruktur layihəsi icra olunarkən, yol genişləndirilərkən ağac kəsilməsinə yol verilə bilər. .

"Yalnız o şərtlə ağac kəsilə bilər ki, hansısa infrastruktur layihəsi icra olunsun, yol genişləndirilsin. Yaxud hansısa dövlət əhəmiyyətli tədbirin keçirilməsi məqsədilə məsələnin həlli üçün lazım olduğu təqdirdə ağaclar çıxarıla bilər. Bununla yanaşı, maksimum çalışmalıyıq ki, hansısa layihəyə maneə törədən ağaclar məhv edilməsin", - deyə Prezident İlham Əliyev bildirib.

Nazir bildrib ki, Bakı və Sumqayıtda yaşıllaşdırma siyasətinin həyata keçirilməsi məqsədi ilə xüsusi qərargahlar yaradılıb.

Nazir həmçinin ağacların kəsilməsinə görə cərimələrin əhəmiyyətli dərəcədə artırılması mövqeyindən çıxış edib.

"Hazırda bu istiqamətdə iş aparılır", -deyə Bağırov bildirib.

Xəbər lenti

Xəbər lenti