...

Azərbaycanda "İrəli" İctimai Birliyi "Terrora Yox" aksiyasına başlayıb

Cəmiyyət Materials 30 Aprel 2009 13:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda fəaliyyət göstərən "İrəli" İctimai Birliyi bu gün Azərbaycan Neft Akademiyasında baş verən insidentdən sonra bu gündən etibarən "Terrora Yox" aksiyasına başlayıb. Bu haqda cümə axşamı Trend -a birlikdən daxil olan məlumatda bildirilir.

"Terrora Yox" aksiyası çərçivəsində üç işçi qrup ayrılıb.

Trend -un arayışı: İlkin məlumatlara görə, Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) ikinci korpusunda atışma nəticəsində azı 13 nəfər öldürülüb, 18 nəfər yaralanıb. Bu barədə Trend -un müxbiri hadisə yerindən hüquq-mühafizə orqanlarına istinadən xəbər verir.

Hazırda Musa Nağıyev adına Təxirəsalınmaz və Təcili Tibbi Yardım xəstəxanasına 13 nəfər gətirilib, onlardan yeddisinin həyatını xilas etmək mümkün olmayıb.

Silahlı şəxs cümə axşamı səhər ADNA-nın ikinci korpusunda atəş açıb. Trend -un müxbirinin hadisə yerindən verdiyi məlumata görə, cinayətkar zərərsizləşdirilb.

Bu barədə informasiyanı jurnalistlərə daxili işlər nazirinin müavini Vilayət Eyvazov təsdiq edib. Digər məlumata görə, silahlı şəxs özü özünü öldürüb

Birlikdən bildiriblər, birinci işçi qrupu baş vermiş hadisə zamanı yaralanmış şəxslərin vəziyyətinin monitorinqini təşkil edəcək, yaralıların qan və s. tibbi ehtiyacları çıxacağı təqdirdə dərhal dəstək göstərəcək, onların yaxınlarına psixoloji dəstək göstərəcək.

İkinci işçi qrupu həlak olanların dəfn mərasimində "İrəli" üzvlərinin iştirakını təmin edəcək, terror aksiyası nəticəsində həlak olanların yaxınlarına mənəvi dəstək göstərəcək.

Üçüncü işçi qrup isə qanlı aksiya nəticəsində həlak olan insanların xatirəsinə ehtiram əlaməti olaraq sabah axşam saatlarında Neft Akademiyasının ətrafını dövrəyə alacaq, Akademiyanın ətrafında gənclərin kütləvi iştirakı ilə şam yandırılacaq və qərənfillər düzüləcək.

 Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti