...

Azərbaycan kuboku uğrunda final oyununu idarə etmək üçün əcnəbi hakimlər çağırılmayacaq

Cəmiyyət Materials 6 May 2009 17:38 (UTC +04:00)

Azərbaycan, Bаkı, 06 may / Trend , müxbir A.Hüseynbala /

Futbol üzrə Azərbaycan kuboku uğrunda final oyununu idarə etmək üçün əcnəbi hakimlər briqadası dəvət olunmayacaq.

"Azərbaycan Premyer-Liqasının oyunlarını idarə edən hakimlərin obyektivliyinə inanıram və kubok uğrunda final oyununu yüksək dərəcədə idarə etmək səviyyəsində olan kifayət qədər hakimlərimiz var", - çərşənbə günü Trend -a Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev bildirib.

Trend -un arayışı: Futbol üzrə ölkə kuboku uğrunda final matçı may ayının axırlarında keçiriləcək. Yarımfinalın ilk oyunlarında Bakının "İnter" klubu Qəbələnin eyniadlı komandasını 5:0, Ağdamın "Qarabağ" komandası isə səfərdə "Bakı" klubunu 2:1 hesabı ilə məğlub edib.

Ötən il əsas mükafat uğrunda görüşdə Azərbaycan çempionu olmaqla bərabər, həm də ölkə kubokunu qazanaraq "qızıl dubl"a imza atan "Xəzər-Lənkəran" və Bakının "İnter" klubları üz-üzə gəliblər. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşü alman baş hakim Manuel Qrafe, onun köməkçiləri Mark Bors və Harald Şather idarə ediblər.

Musayev, əvvəlki illərdə xarici ölkələrdən gəlib Azərbaycanda futbol oyunlarını idarə edən hakimlərin obyektiv olmamaları ilə bağlı xeyli faktlarla üzləşdiyini bildirib.

"Məsələn, "Neftçi" ilə Avstriyanın "Rid" komandası arasında keçirilən oyunu idarə edən hakimin məndən 150 min dollar istəməsini necə obyektivlik hesab etmək olar? Ona görə də, bundan sonra öz hakimlərimizə daha çox güvənmək lazımdır", - PFL prezidenti əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti