...

Azərbaycanda şahmatın populyarlığını artıqmaq üçün beynəlxalq turnirlər keçirilir – federasiya prezidenti

Cəmiyyət Materials 6 May 2009 18:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 may / Trend , müxbir A.Hüseynbala /

Sabah Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Prezident kuboku" turniri start götürəcək. Kubok uğrunda Azərbaycan və Dünya komandaları arasında görüş keçiriləcək.

"Azərbaycanda şahmatın populyarlığını daha da artırmaq üçün bu cür beynəlxalq turnirlər keçirilir", - çərşənbə günü keçirilən mətbuat konfransında Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov bildirib.

Yariş FİDE, Gənclər və İdman nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə keçirilir.

Mübarizədə ümumilikdə 9 zəka sahibi qüvvəsini sınayacaq. Bunlardan dördü FİDE dünya yığmasının şərəfini qoruyur. Söhbət dünya çempionu kimi ilk dəfə ölkəmizə gələcək Vişvanatan Anand (Hindistan), vitse-çempion Vladimir Kramnik (Rusiya), son Dünya kubokunun finalçısı Aleksey Şirov (İspaniya) və nüfuzlu Veyk-An-Zee turnirinin axırıncı qalibi Sergey Karyakindən (Ukrayna) gedir. Rəqibdən fərqli olaraq, Azərbaycan komandasının heyətində 5 şahmatçı var. Yığmamızı Teymur Rəcəbov, Vüqar Həşimov, Şəhriyar Məmmədyarov, Qədir Hüseynov və Rauf Məmmədov təmsil edəcək. Lakin son 2 idmançı bir-birinin əvəzləyicisi qismində oynayacaq.

Qalib komandaya Türkiyədən gətirilmiş kubok təqdim olunacaq. Yığmamız qalib gələcəyi təqdirdə, kubok AŞF-nin ofisində saxlanılacaq. Əks halda isə mükafat FİDE-nin muzeyinə aparılacaq.

Yarış mayın 9-da başa çatsa da, bu, şahmat bayramının sonu demək deyil. Çünki mayın 10-da Milli Parkda seans olacaq. Seansa Azərbaycan yığmasının üzvləri ilə yanaşı, Vladimir Kramnikin də qatılacağı gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti