...

Azərbaycanda yaşıllıqların salınması və qorunması məqsədilə yeni dövlət qurumu yaradılıb

Cəmiyyət Materials 8 May 2009 17:15 (UTC +04:00)
Azərbaycanda yaşıllıqların salınması və qorunması məqsədilə yeni dövlət qurumu yaradılıb

Azərbaycan, Bakı, 08 may / Trend , müxbir C.Babayeva /

Azərbaycanda yaşıllıqların salınması və qorunması məqsədilə yeni dövlət qurumu - "Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu" Açıq Səhmdar Cəmiyyəti ("Azəryaşlandşaft" ASC) yaradılıb.

"Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur", - cümə günü Trend -a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycanın Nazirlər Kabinetinin "Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi"nin təsdiq edilməsi barədə qərarına əsasən, cəmiyyətin əsas məqsədi  Azərbaycanda yaşıllaşdırma sahəsində xidmətlər göstərən, yaşıllıqların salınması, becərilməsi, bərpası və artırılması, müvafiq infrastrukturun inkişafı ilə bağlı digər işlərin, o cümlədən landşaft quruluşu işlərinin yerinə yetirilməsinin təmin edilməsindən ibarətdir.

Trend -un arayışı: Azərbaycan Prezidenti İlham Əliyev hər hansı bir ərazidə obyekt tikintisi zamanı ağac kəsilməsinə qadağa qoyub. Bu barədə dövlət başçısı Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübündə sosial-iqtisadi inkişafa həsr edilmiş iclasında bəyan edib.

Qərara əsasən, "Azəryaşlandşaft" ASC-nin əsas fəaliyyət istiqamətlərinə Azərbaycanın qeyri-meşə fondu torpaqlarında, o cümlədən magistral avtomobil yolları boyu torpaq və qorunma (mühafizə) zolağından kənarda yaşıllıqların salınması, becərilməsi, bərpası və artırılması, salınmış yaşıllıqların mühafizəsi ilə bağlı tədbirlərin həyata keçirilməsi; qeyri-meşə fondu torpaqlarında, o cümlədən magistral avtomobil yolları boyu yolun torpaq və qorunma (mühafizə) zolağından kənarda yerli bitmə şəraitinə uyğun yerli və introduksiya olunmuş ağac və kol cinslərindən istifadə etməklə, müasir dizaynla hazırlanmış layihələr əsasında yaşıllıqların salınmasının həyata keçirilməsi; salınmış yaşıllıqlara xidmət və suvarma işlərinin təşkil edilməsi, onların xəstəlik və ziyanvericilərdən, eləcə də yanğından mühafizəsinin, mal-qaradan və digər təsirlərdən qorunması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi və s. daxildir.   

"Azəryaşlandşaft" ASC-nin  nizamnamə kapitalı dörd milyon manatdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti