Azərbaycan, Bаkı, 19 may / Trend , müxbir A.Hüseynbala /
Azərbaycan vətəndaşlarının İraqdakı müqəddəs dini məkanlara ziyarət səfərləri bərpa oluna bilər.
"Bu məsələ Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin sabah İraqa başlayacaq səfəri zamanı müzakirə olunacaq", - çərşənbə günü Trend -a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən bildirilib.
Paşazadənin səfər zamanı İraqın Baş naziri Nuri əl-Maliki ilə də görüşü nəzərdə tutulur. "Bu görüş zamanı Azərbaycanla İraq arasında əlaqələrin perspektivləri və İraq ərazisindəki müqəddəs dini məkanlara Azərbaycan vətəndaşlarının ziyarət səfərlərinin bərpa olunması ilə bağlı məsələlər müzakirə olunacaq", - məlumatda bildirilir.
QMİ sədrini bir müddət əvvəl Azərbaycanda olan İraqın turizm və tarixi abidələr naziri Təhman əl-Ciburi bu ölkəyə səfər etməyə dəvət edib.
Paşazadə İslam ölkələrinin Vəqflər və İslam işləri nazirlərinin IV konfransında iştirak etmək üçün mayın 23-də Səudiyyə Ərəbistanına gedəcək.
"QMİ sədri Səudiyyə Ərəbistanının Həcc naziri Fuad bin Əbdüssəlam Farisi və onun Həcc işləri üzrə müavini Hatim Qazi ilə görüşəcək və Həcc missiyasının təşkili ilə bağlı məsələlər müzakirə olunacaq", - məlumatda qeyd edilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]