Azərbaycan, Bakı, 22 may / Trend , müxbir K.Zərbalıyeva /
Qaçqın və məcburi köçkünlərin vətəndaşların mənzillərini zəbt etməsi ilə bağlı Azərbaycanda məhkəmə qətnamələrinin əksəriyyəti indi də icra olunmur, Trend News-un məlumatına görə, Azərbaycanın Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov cümə günü Bakıda "İnsan hüquqları üzrə Avropa Məhkəməsinin president hüququnun Azərbaycan Məhkəmə təcrübəsində tətbiqi" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.
"Bakı və Sumqayıt şəhərlərində 6 minə yaxın belə hal var. 20-yə yaxın iş Avropa Məhkəməsi ilə komunikasiya mərhələsindədir", - deyə Əsgərov bildirib.
Trend News-un arayışı: Azərbaycan vətəndaşlarının mülkiyyəti toxunulmazdı və mülkiyyət hüquqlarının təmin olunması üçün müvafiq tədbirlər görüləcək, Ali Məhkəmənin sədri Ramiz Rzayev daha öncə ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat-konfransda məlumat verib.
"Azərbaycan vətəndaşlarının mənzillərində məskunlaşmış məcburi köçkünlər və qaçqınlar üçün Bakı və Sumqayıt şəhərlərində binalar tikiləcək", - Rzayev əlavə edib.
Azərbaycan məhkəmələri vətəndaşların mənzilərində məskunlaşmış qaçqın və məcburi köçkünlərin həmin mənzillərdən çıxarılması barədə qərarlar qəbul etsə də, həmin qərarların icrası Azərbaycanın işğal altındakı torpaqları azad olunana qədər təxirə salınıb.
"Avropa Məhkəməsinin Akimovanın işi ilə bağlı Azərbaycana qarşı qərarı var. Bu qərardan sonra Azərbaycan məhkəmələri bu qərarı president kimi tətbiq etməlidir. Bu qərarların icrasını təmin etmək mümkün deyil. Bu istiqamətdə ciddi iş aparılır. Yaxın gələcəkdə problemdən çıxış yolu tapılacaq", - səlahiyyətli nümayəndə əlavə edib.
Əsgərov bildirib ki, məhkəmələr qaçqın və məcburi köçkünlərin zəbt etdikləri mənzillərdən çıxarılması ilə bağlı qəbul etdikləri qətnamələrin icrası üçün onlara möhlət verir. Möhlət verilərkən qətnamədə möhlətin konkret müddəti göstərilməlidir və bu əsaslandırılmalıdır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]