...

Azərbaycan "Transparency International"-ın dünyada korrupsiyanın səviyyəsi ilə bağlı hesabatının peşəkar hazırlanmasına şübhə ilə yanaşır

Cəmiyyət Materials 4 İyun 2009 18:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyun / Trend , müxbir K.Zərbalıyeva /  

Azərbaycanın Milli Məclisinin (Parlament) komitə sədri "Transparency International" beynəlxalq təşkilatının dünyada korrupsiyanın səviyyəsi ilə bağlı son hesabatının peşəkar hazırlanmasına şübhə ilə yanaşır.   

"Hesabat beynəlxalq institutların rəyi əsasında deyil, ictimaiyyət nümayəndələri arasında keçirilmiş sorğu əsasında hazırlanıb. Monqolustan, Rusiya, Belarus kimi ölkələrin hesabatda eyni dərəcədə qiymətləndirilməsi təəccüb doğurur", - cümə axşamı jurnalistlərə Hüquq siyasəti və Dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib.

Trend -un arrayışı: "Transparency International" beynəlxalq təşkilatı dünyada korrupsiyasnın səviyyəsi ilə bağlı "Qlobal korrupsiyanın barometri - 2009" hesabatını açıqlayıb. Hesabatda Azərbaycanda korrupsiya 5 ballıq şkala ilə 3,3 balla qiymətləndirilib. Hesabatın hazırlanması üçün təşkilat 2008-ci ilin oktyabrından 2009-cu ilin fevralına qədər 69 ölkədə araşdırmalar aparıb. Araşdırmalar çərçivəsində 73 min 132 nəfərdən sorğu götürülüb.   

Hüseynovun fikrincə, hesabatda Azərbaycanda siyasi partiya və medianın az korrupsiyalaşmış sahələr kimi qiymətləndirilməsi müsbət haldır.

"Hesabatda Azərbaycanda özəl sektorda korrupsiyanın olmasının hansı əsaslarla qiymətləndirməsi məlum deyil. Azərbaycan qanunvericiliyində özəl sektorda korrupsiya ilə bağlı hüquqi baza mövcud deyil", - o deyib.

Komitə sədri bildirib ki, gələcəkdə Azərbaycanda özəl sektorda korrupsiya ilə bağlı xüsusi qanunun qəbul olunmasına ehtiyac olacaq.

Hüseynov hökumətin korrupsiya ilə bağlı mübarizə sahəsində kifayət qədər islahatlar apardığını bildirib. "Cəmiyyət bu islahatlar barədə kifayət qədər məlumatlı deyil. Buna görə də islahatlar barədə cəmiyyət daha çox maarifləndiriləcək", - komitə sədri bildirib. 

Hüseynov, hesabatın vətəndaşlardan dövlət qurumlarına rüşvət verməsi ilə bağlı hissəsinə münasibət bildirərkən qeyd edib ki, rəyi soruşulanların əksəriyyətinin bu məsələyə "hə" cavabı verməsi ilə Azərbaycan ictimaiyyətinin rüşvət verməyə meyilli bir cəmiyyət olduğu barədə fikir formalaşdırıb.

"Əgər vətəndaşlardan "dövlət qurumları sizdən rüşvət alıbmı?" sualına cavab tələb olunsaydı və onlar da buna "hə" cavabı versəydi, onda dövlət qurumlarını korrupsiyada ittiham etmək olardı. Vətəndaşlar da bilmədən cəmiyyətin rüşvət verməyə meyilli olması barədə fikir söyləyiblər. Belə çıxır ki, Azərbaycan dövləti yox, cəmiyyəti bu cinayətin iştirakçısıdır. Onlar özləri də bilmədən Azərbaycan cəmiyyətini pis vəziyyətdə qoyublar", - deyə millət vəkili vurğulayıb.

Hüquq sahəsinin korrupsiyalaşması ilə bağlı hesabatda qeyd olunanlarla razılaşmayan Hüseynov bildirib ki, bu sahədə Azərbaycanda köklü islahatlar aparılıb və vətəndaşlarla hüquq sektorunun təması minimuma enib.

"Ola bilsin ki, ictimaiyyət hələ də bu fikirdə qalır", - Hüseynov deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti